Dəyanət Ağalarlı
____________________________________
Müharibədə asimmetriya yeni bir fenomen deyil. Tarixən müxtəlif hallarda müharibə edən dövlətlərin nisbi hərbi gücündə və strategiyasında ciddi fərqliliklərin olması müşahidə edilib. Lakin 11 sentyabrdan sonra (ABŞ-dakı terror hücumları) xüsusilə dövlət və qeyri-dövlət aktorları arasındakı müharibələr zamanı müharibənin özünün və təbiətinin dəyişdiyi müşahidə edilib. İstər partizan müharibəsi, istər terror, istərsə də qeyri-nizami müharibə və ya müharibənin hər hansı digər formaları olsun, qeyri-ənənəvi vasitələr və taktikaların istifadəsi qeyri-dövlət qurumlarınınkı ilə daha da sinonimləşdirilərək istifadə olunur. Bütün bunlar qeyri-dövlət aktorunun qeyri-mütənasib effekt əldə etməsi üçün dövlətin zəifliklərini hədəf alan asimmetrik metodlardan istifadə etdiyi müharibəyə gətirib çıxarır.
Bu məqalə asimmetrik müharibə anlayışı, cəlb edilmiş aktorların xarakterləri və 21-ci əsrdə dövlətin reaksiyasının təbiəti barədə müzakirəni tədqim edir.
I Dünya Müharibəsindən sonra strateji ideyalar və müharibənin klassik qavrayışı tarixi müharibələrin dövlətlər arasında baş verəcəyi ehtimalı əsasında qurulub. Yeni bir varlıq, qeyri-dövlət aktoru 2001-ci il sentyabrın 11-də terror hücumları nəticəsində dövlətin avtoritet və suverenliyini hər zamankından daha ciddi şəkildə təhlükə altında qoydu.
Birləşmiş Ştatlara bu gözlənilməz terror hücumu Klauzevitzin dövlətlər arasındakı müharibələr nəzəriyyəsinin və ənənəvi düşmənin “ağırlıq mərkəzi” konsepsiyasının sonunun başlanğıcı hesab edilə bilər. Bu hadisəyə qeyri-dövlət aktorunun super güc üzərində “zəfər” nümunəsi kimi də baxıla bilər.
Tarixi olaraq zəif güclər rəqibin zəifliklərini istismar etməyə çalışmaq əvəzinə, rəqibin qüvvələrindən qaçmaq üçün çalışıblar. Rəqibin zəif cəhətlərinə hücum etmək üçün indiyədək araşdırılmamış və yenilikçi vasitələrin tətbiqi “asimmetrik müharibə” adlandırılır. Asimmetriyaların axtarışı bütün müharibələr üçün fundamental taktikadır. Lakin müasir kontekstdə asimmetrik müharibə qeyri-ənənəvi metodologiyalar kimi qəbul edilənlər üzərində diqqət cəmləşdirir.
11 sentyabr sonrası erada dövlətin və qeyri-dövlət aktorunun asimmetriyasının təhlilinə, eləcə də dövlətin belə asimmetrik təhdidlərə reaksiya verməsi barədə ətraflı araşdırmağa ehtiyac var. Ancaq bundan öncə bu asimmetriya anlayışının günümüzdə və ortaya çıxan təhlükələr kontekstində ələ alınması vacibdir.
Bu yazıda məsələ ilə bağlı keçmiş və indiki müzakirələrə yeni baxış bucağı ilə baxmağa çalışacağıq. Bu baxış asimmetriya anlayışını günümüzün kontekstində müəyyən etməyə köməyə edə bilər. Yazı həmçinin asimmetrik müharibə haqqında müasir dünyanın bəzi narahatlıqlarını təqdim etməyə çalışır. Bu məqalə dövlətin buna reaksiyalarına dair doktrinaların daha geniş şəkildə formalaşdırılması üçün baxışlar təmin etməyə kömək edə bilər.
Asimmetrik müharibə ideyası
Müharibənin insan cəmiyyəti qədər qədim olduğu deyilə bilər və o, ölkələrin mədəniyyətlərinin qeydə alınmış tarixində üstünlük təşkil edir. Amma bu, kompleks bir məsələdir və indi müharibələr əvvəllər olduğundan daha tez dəyişir. Müharibənin tərifi, növləri və insanların çoxu istəmədikləri halda belə müharibələrin niyə baş verdiyi üzərində dünyada böyük bir müzakirə var. Bir çox fərqli akademik fənnin nümayəndələri ayrı-ayrılıqda bu suallara cavab verməyə cəhd göstəriblər.
Müharibə iki və ya daha çox hökumət və ya dövlət arasında silahlı qarşıdurma olaraq təyin olunur. Klauzevitz müharibəni “rəqibimizi iradəmizi yerinə yetirməyə məcbur edən bir zorakılıq aktı” kimi təyin edir. “Ədalətli və ədalətsiz müharibələr” kitabının müəllifi Maykl Valzer müharibəni “iki və ya daha çox qrupun silahlı qüvvələrlə münaqişəyə davam etməsinə icazə verən hüquqi vəziyyəti kimi” təyin edir. Belə münaqişələr qlobal nisbətdə olduqda, onlar dünya müharibəsi kimi dəyərləndirilir. Eyni millətin içərisində müxtəlif fraksiyalar və ya qruplar arasındakı müharibəyə vətəndaş müharibəsi deyilir. Böyük güclərin bütün silahlı gücünü istifadə etməkdən çəkindiyi münaqişələr və ya müharibələr tez-tez məhdud müharibələr (limited wars) kimi tanınır. Ümumi olaraq dövlətlərarası müharibələr razılaşmalı müqavilər, vətəndaş müharibələri isə sülh elan olunması ilə sona yetir.
Müharibənin metodları və döyüş üsulları, digər adı ilə müharibə sənəti, geniş olaraq müxtəlif növlərə bölünür. Bu növlərə bölünmə aşağıdakılara əsaslanır:
Müharibənin müxtəlif təzahürlərinə baxmayaraq, 21-ci əsrin ilk illərində asimmetrik müharibə əsasən döyüş səhnələrində hakim olub. Asimmetriya, keyfiyyətcə və ya operativ baxımdan bir qabiliyyətə dair ümumi müqayisə üçün təməlin olmaması deməkdir. Yəni, münaqişə tərəfləri arasında müqayisə edilmək üçün əsasların və predmetlərin olmadığı bir şərait nəzərdə tutulur. Bütün münaqişələr müəyyən dərəcədə asimmetrikdir və ağıllı döyüşçü həmişə bu keyfiyyətdən istifadə edir. Asimmetrik müharibənin təbiəti dinamik olub, asimmetriya müxtəlif vəziyyətlərdə fərqli olaraq təsnif edilə bilər.
Asimmetrik müharibə geniş mənada üç əsas növdən ibarətdir ki, bunlar ad olaraq strateji asimmetriya, taktiki asimmetriya və ya vəkalət müharibəsidir (proxy war).
“Strateji asimmetrik müharibə”də döyüşən tərəflər oxşar növdən olan qüvvələrin yerləşdirilməsi ilə başlayır ki, nəticədə də bu, qarşı-qarşıya duran qüvvələrin keyfiyyəti və miqdarı ilə müəyyənləşdirilir. Çox zaman, döyüşən tərəflər oxşar növdən olan qüvvələri yerləşdirdikdə, döyüşün və ya kampaniyanın nəticəsi say üstünlüyü və ya daha yaxşı idarəetmə ilə müəyyən edilir.
“Taktiki asimmetrik müharibə”də isə bir tərəf texnoloji üstünlüyə malikdir. Bu üstünlük say üstünlüyü ilə birlikdə bir tərəfin gücünü daha da artıra bilər. Təlim və taktikalar, eləcə də texnologiya, döyüşün nəticəsində həlledici olduğunu sübut edə bilər və daha kiçik bir gücün daha böyük güclərə üstün gəlməsinə imkan verə bilər. Əgər zəif güc özünümüdafiə vəziyyətindədirsə, yəni hücum və ya işğal altında olarkən qeyri-ənənəvi taktikalardan istifadə etmək mümkündür. Misal olaraq, müharibə qanunlarını pozmadan effektiv bir vasitə kimi üstün gücün zəifliklərini istismar edən “vur-qaç” və seçilmiş döyüşlər taktikaları göstərmək olar. Nəhayət, “proksi tərəfindən müharibə halında” asimmetrik müharibə müəyyən bir ölkənin (dövlət aktorunun) marağına bağlı olan və ya rəğbətli olan qeyri-hökumət aktorları tərəfindən (adətən gizli) həyata keçirilir. Bu elə qeyri-dövlət aktorudur ki, dövlət aktorunun proksisi, yəni vəkili kimi çıxış edir.
Öz asimmetriya tipologiyasında Kennet Makkenzi altı əsas növ potensial asimmetrik təhdid müəyyən edib: nüvə, kimyəvi, bioloji, informasiya əməliyyatları, əməliyyat konsepsiyaları və terror. Kütləvi qırğın silahları, regional hərbi təhdidlər kimi asimmetrik təhlükələrin növləri təsbit edilib.
Elə asimmetrik təhlükələrlə həyata keçirilən hücumlar da var ki, dövlət və qeyri-dövlət aktorları birbaşa iştirakın qarşısını alır, lakin güclü tərəfin təsirini minimuma endirmək və zəifliklərindən istifadə etmək üçün strategiya, taktika və silah hazırlamaqla hücuma keçilir.
Post-modern müharibə dövründə, müharibənin xarakteri və təbiəti texnoloji, sosial və mədəni irəliləyişlər vasitəsilə dəyişdirilir. Eyni zamanda, müharibə sənətinin qeyri-ənənəvi taktikalara üstünlük verdiyi də müşahidə edilir. Müharibə və hərb dövlət mərkəzli olmaqdan çıxaraq elə bir vəziyyət alır ki, artıq dövlətin səbəbi qarşıdurmaya getməyəcək bir vəziyyətə çevrilir. Beləliklə, post-modern dövrdə müharibə tamamilə fərqli iki fəlsəfəyə şahidlik edir.
Onlardan biri texnoloji inkişaflara əsaslanır və xarakter baxımından dövlət mərkəzlidir. Digər isə qeyri-ənənəvi vasitələrdən və taktikalardan istifadə olunmasına əsaslanır və qeyri-dövlət qurumları tərəfindən daha çox işlədilir.
Günümüzdə bir dövlətə qarşı qeyri-dövlət aktorunun hərəkəti asimmetrik, yumşaq olaraq müharibə aktı kimi adlandırılmaqdadır. Belə qəbul olunur ki, bu cür müharibələr inqilabi və nüvə müharibələrinin 20-ci əsrin 3-cü rübündə geniş yayıldığı kimi, bu gün də asimmetrik müharibə strateji potensialın öncül sərhədində yerini almaqdadır.
Bu kontekstdə asimmetriya termini partizan müharibəsi, terror, qeyri-nizami müharibə və s. kimi müharibə döyüşlərinin müxtəlif taktikalarını əhatə edir. Bu müharibələr məhdud resurslardan, etnik və dini məsələlərdən, transmilli cinayətlərdən (terror və üsyançılıqla əlaqəsi ilə birlikdə), miqrasiya və qeyri-qanuni miqrasiya, sərhəd mübahisələri, qıtlıq və dövlətin dağılması ilə əlaqəli münaqişələrdən irəli gəlir.
Ancaq asimmetrik müharibə yeni bir anlayış deyil. Bu, Romanın İspaniyanı işğalı tarixinə gedib çıxır. Asimmetrik yanaşmanın tərəfdarları məhdud hücumları texnologiyanın üstünlüyünü və düşmənlərinin qüvvələrini sarsıtmaq üçün xəyanətdən istifadə edərək müntəzəm hərbi qüvvələrin mühüm zəifliklərinə qarşı cəmləşdirir. Asimmetriyaya dolayı istinadlar qədim çinlilərin hərbi nəzəriyyəçisi Sun Tzunun yazısında da rast gəlinə bilər. O, “Müharibə sənəti” adlı məşhur kitabında qeyri-ortodoks və ortodoks taktikalar kimi mövzular haqqında müzakirə aparır. Burada qeyri-ortodoks taktikalar, ilk növbədə qeyri-ənənəvi, gözlənilməz yollarla qüvvələr yaratmaq və onlardan, xüsusilə də, çevik olanlardan istifadə etməklə həyata keçirilmiş taktikalar kimi təsvir olunur. Yaxın keçmişdə asimmetrik münaqişə üçün ilk istinad Andryu Mak tərəfindən Vyetnamdakı təcrübə ilə bağlı yazılan məqalədədir.