Londonda Xəzər Siyasət Mərkəzinin Trans-Xəzər bağlantısına dair üçüncü London konfransı keçirilib.
Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən bildirilib.
"İrəliləyişi gücləndirmək, sinerjini inkişaf etdirmək" adlı tədbirdə Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyənin artan regional əlaqələri, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı fonunda ortaya çıxan iqtisadi, ticari və strateji imkanlar müzakirə olunub.
Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi, Lordlar Palatasının üzvü lord Con Alderdays Birləşmiş Krallığın regionla əməkdaşlığa artan diqqətindən və bu regiona vahid prizmadan yanaşmağın əhəmiyyətindən danışıb. Con Alderdays vurğulayıb ki, Britaniya şirkətləri Azərbaycanda mühüm infrastruktur layihələrində iştirak edir, o cümlədən Böyük Britaniyanın ixrac kredit agentliyi UKEF (UK Export Finance) aviasiya sahəsində ilk maliyyə əməliyyatını Azərbaycanın "Silk Way" şirkəti ilə həyata keçirib. Həmçinin Böyük Britaniya şirkətləri Azərbaycanda təmiz enerji dəhlizlərinin inkişafı üzərində çalışırlar.
Təhsil sahəsinə də toxunan lord Alderdays Britaniya universitetlərinin Azərbaycanda və regionda ikili diplom proqramları və mütəxəssis hazırlığı istiqamətində uğurlu əməkdaşlıq həyata keçirdiyini qeyd edib.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov çıxışında regional bağlantı imkanlarının və bu istiqamətdə atılan addımların bölgənin gələcək inkişaf istiqamətlərinə dair daha yetkin baxış formalaşdırdığını bildirib. Diplomat qeyd edib ki, regionda, dünyada baş verən son böhranlar və müharibələr Orta Dəhlizin, xüsusən də Azərbaycanın regional bağlantıda rolunu bir daha ortaya qoydu.
"Təkcə İsrail və İran arasında yaranmış son qarşıdurmada bəzi dövlətlərin hava məkanını bağlaması nəticəsində Azərbaycanın hava məkanının mülki təyyarələr üçün əsas alternativ təşkil etməsi bunun ən bariz nümunələrindəndir. 2001-ci ildə NATO da Əfqanıstandakı koalisiya qüvvələrinə təchizat şəbəkəsi ilə bağlı yaranmış böhran zamanı əsas tranzit ölkə kimi məhz Azərbaycanı seçmişdi. Bütün bunlar bir daha göstərir ki, regional inteqrasiyanı Azərbaycansız təsəvvür etmək qeyri-mümkündür. Böyük Britaniyanın lord Alderdaysı məhz Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi təyin etməsi də bu baxışın təzahürüdür", - səfir bildirib.
Bu əməkdaşlığın təkcə böhran zamanlarında deyil, hər zaman prioritetləşdirilməli və inkişaf etdirilməli olduğunu vurğulayan Elin Süleymanov bölgədə inteqrasiya layihələrinin regionun özündən qaynaqlanmasının əhəmiyyətinə də toxunaraq bu mənada ötən il keçirilən COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında "Xəzər Yaşıl Enerji Dəhlizi" layihəsinin yaradılması üzrə saziş imzalanmasını bu xüsusda vacib nümunə adlandırıb.
O, Böyük Britaniyanın regionda artan rolunu, xüsusilə yaşıl keçid, enerji və maliyyə sahələrində həyata keçirilən layihələrə verdiyi dəstəyi yüksək qiymətləndirib, COP29-da ən yüksək səviyyədə iştiraka və prosesə dəstəyinə görə Böyük Britaniya tərəfinə təşəkkür edib. Səfir Britaniya şirkətlərinin azad edilmiş regionların bərpasında iştirak etdiyini əlavə edib. İqlim dəyişikliyinin hələ də qlobal siyasi gündəmdə qalmağa davam etdiyini diqqətə çatdıran səfir Xəzər dənizinin səviyyəsinin azalmasının region üçün ciddi narahatlıq doğurduğunu qeyd edib, bu problemin yalnız genişmiqyaslı regional əməkdaşlıqla həll edilə biləcəyini vurğulayıb.
Tədbirdə çıxış edən Xəzər Siyasət Mərkəzinin direktoru Əfqan Nifti qeyd edib ki, Trans-Xəzər regionunda ticarət, tranzit, enerji və insan bağlantıları sürətlə inkişaf edir. O bildirib ki, son aylarda Avropa İttifaqı, Fransa, Almaniya, İtaliya, Çin və Hindistan kimi ölkələrin regiona artan səfərləri bu marağın göstəricisidir. Ə.Nifti ötən il Trans-Xəzər yükdaşımalarının 62 faiz artdığını vurğulayıb və regiondaxili əməkdaşlığın da getdikcə gücləndiyini qeyd edib. Əfqan Nifti, həmçinin Trans-Xəzər rəqəmsal kabel layihəsinin 25 faizinin artıq tamamlandığını və bu layihənin Mərkəzi Asiyanın müstəqil rəqəmsal bağlantı imkanlarını gücləndirəcəyini bildirib.