Diplomatiya yoxsa diktə? İ Gürcüstanın suverenliyini niyə yenidən yazmaq istəyir?
Tarix: 7-06-2025, 09:24
Google+ Paylaş
Tumblr Paylaş

Diplomatiya yoxsa diktə? İ Gürcüstanın suverenliyini niyə yenidən yazmaq istəyir?

7-06-2025, 09:24


Cənubi Qafqazın qəlbində, Qara dənizin sahilində yerləşən Gürcüstan bir daha öz iradəsindən kənar siyasi oyunların episentrinə çevrilir. Amma bu dəfə təzyiq nə şərqdən - Rusiyadan, nə də cənubdan - regional münaqişələrdən gəlir. Gürcüstan bu dəfə illərlə can atdığı tərəfdən, Qərbdən sıxışdırılır. Elə o Qərbdən ki, demokratiya və azad seçimi vəd etmişdi, indi isə ikili standartlar və ideoloji diktə ilə çıxış edir.

Almaniyanın Tbilisidəki səfiri Peter Fişerin son bəyanatı təkcə diplomatik jest deyildi. Bu, açıq-aşkar təzyiq idi, demək olar ki, ultimatum. Alman diplomat açıq şəkildə Gürcüstanın Avropa İttifaqına inteqrasiya istəyinin “səmimiliyini” şübhə altına aldı, hökuməti “Aİ haqqında yalan danışmaqda” və bu qurumu tənqid etməkdə ittiham etdi. Formal olaraq bu, ritorikaya irad idi, əslində isə ölkənin iradəsini sındırmaq cəhdi, “Avropaya gedən yol yalnız öz milli qürurundan və seçiminə sahib çıxmaqdan imtina ilə mümkündür” mesajı idi.

Fişer açıq deyir: “Əgər siz bu təşkilata üzv olmaq istəyirsinizsə, onun haqqında pis danışmaq olmaz.” Yaxşı, bəs görəsən birliyə üzv olmaq istəyi xalqın bu birlik barədə tənqid haqqını əlindən alırmı? Bəs Avropa sivilizasiyasının təməli sayılan demokratik dəyərlər hanı? Yoxsa bu dəyərlər yalnız Avropa ölkələri üçün keçərlidir, digər namizəd dövlətlərə isə tətbiq olunmur?

Fişerin çıxışları artıq çoxdan diplomatik ehtiyat çərçivəsindən çıxıb. Onun danışığı daha çox tribunalardan bəyanat verən aktivistlərin ritorikasını xatırladır, nəinki Almaniya hökumətinin rəsmi nümayəndəsini. Gürcüstanın əsas televiziya kanallarını tənqid etməsi, onlardan izahat tələb etməsi, “saxta informasiya yaymaqda” ittiham etməsi - bütün bunlar onun Tbilisidə diplomatdan çox siyasi aktor kimi hərəkət etdiyini göstərir. O, guya müxalifəti dəstəkləmədiyini sübut etmək üçün dəlil tələb edir. Axı, Qərbin verdiyi qrantlar, siyasi konsaltinq dəstəyi, mitinq gündəminin koordinasiyası bu iddianın ən açıq sübutu deyilmi?

Eyni zamanda Almaniyanın xarici siyasət idarəsi - sadəcə səfir deyil, birbaşa Berlin - Gürcüstandan siyasi kursunu dəyişməyi tələb edir. Bu artıq diplomatiya yox, açıq geosiyasi müdaxilədir - özü də “dəyərlər” adı altında.

Bütün bunlar Gürcüstanın qlobal qarşıdurmalar fonunda neytrallığını qorumağa çalışdığı bir vaxtda baş verir. Tbilisi Rusiyaya qarşı ikinci cəbhəni açmaqdan imtina etdi. Xarici maraqlara alət olmaqdan, geosiyasi qurban çevrilməkdən boyun qaçırdı. Və Qərb bunu bağışlamadı.

Xarici təsirlərlə mübarizə, LGBT təbliğatına qarşı qanunlar, transmilli ideoloji diktəyə qarşı çıxmaq - bütün bunlar liberal Berlin üçün “demokratiyadan uzaqlaşma” kimi qələmə verildi. Amma konservativ siyasət aparmaq hüququ suverenliyin əsası deyilmi? Demokratiya yalnız o vaxta qədər qəbul olunur ki, sən Brüsselin, Berlinin diktəsinə uyğun hərəkət edirsən?

Parlament sədri Şalva Papuaşvilinin Fransanın Tbilisidəki səfirliyini radikal qrupları maliyyələşdirməkdə ittiham etməsi vəziyyəti daha da alovlandırdı. Onun sözlərinə görə, bu qruplar turist təşkilatları adı altında fəaliyyət göstərir, əslində isə destabilizasiya ssenarilərini hazırlayırlar. Bəs Avropa diplomatlarının müxalifət mitinqləri ilə belə yaxın koordinasiyası başqa necə izah oluna bilər?

Bu nə paranoyadır, nə də şişirtmə. Bu, soyuq və hesablanmış planlardır. Qərb səfirlikləri artıq vasitəçi yox, təzyiq mərkəzi rolunu oynayır. Burada siyasi maraqlar “Avropa dəyərləri” etiketi altında qablaşdırılır və Gürcüstanın daxili siyasətinə zorla yeridilir.

Əslində Gürcüstanda baş verənlər təkcə bu ölkə ilə məhdudlaşmır. Bu, bütövlükdə Avropa İttifaqının öz geosiyasi ətrafında necə davrandığını göstərən nümunədir. “Siyasi müttəfiq” statusu artıq tabeçiliyə bərabərləşdirilir. “İnteqrasiya prosesi” - sənin daxili siyasətinə diktə edilən bir zəncirdir. Seçim imkanın formal olaraq qalır, amma hər bir fərqli addım “Avropa dəyərlərinə uyğun deyil” möhürü ilə cəzalandırılır.

Brüsselin və Berlinin qəzəbinə səbəb olan əsas məsələ Gürcüstanın öz yolunu seçmək istəyi, daxili həyatını milli maraqlara uyğun qurmaq cəhdidir. “Xarici agentlər” haqqında qanun layihəsi, LGBT ideologiyasının təbliğinə qarşı qoyulan hüquqi maneələr, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin şəffaflaşdırılması - bütün bunlar Aİ-nin ideoloji doktrinasına qarşı çıxmaq kimi qiymətləndirilir. Amma bu, sadəcə dəyərlərin toqquşması deyil, burada məsələ artıq milli suverenliyin özüdür.

Brüssel Gürcüstandan “avropaçılıq” tələb edir, amma bu avropaçılıq artıq siyasi mövqedən çox itaət mədəniyyətidir. Əgər sən Brüsseli, Berlinin siyasətini tənqid edirsənsə, artıq “namizəd ölkə” kimi yox, “sözə baxmayan şagird” kimi damğalanırsan. Tələb isə sadədir - sus, qəbul elə, təslim ol və sonra bəlkə də “üzvlük” qapısını sənə göstərərlər.

Gürcü xalqı isə bu mənzərədə seçim qarşısındadır. Ya öz suverenliyini qoruyacaq və milli siyasətini özü formalaşdıracaq, ya da “Avropaya gedən yol” adı altında kollektiv Qərbin geosiyasi oyununun qurbanına çevriləcək. Ən təhlükəlisi odur ki, bu oyun demokratik terminlərlə, “insan hüquqları”, “azadlıq”, “vətəndaş cəmiyyəti” şüarları ilə pərdələnir. Amma bu şüarların arxasında artıq çoxdan yalnız maraqlar, təzyiqlər və güc balansı dayanır.

Gürcüstan hakimiyyəti üçün bu proses həm də siyasi yetkinlik testidir. Ölkənin daxili və xarici siyasəti üzərində nəzarəti saxlamaq, öz sözünü demək və kənardan gələn şantaja qarşı dayana bilmək bacarığı. Çünki bu gün Aİ-nin Gürcüstana ünvanladığı dil - tərəfdaşlığın dili deyil. Bu, siyasi itaət tələb edən hegemon mərkəzin səsi, modern protektorat modelidir.

Dünən Brüssel Tbilisidən liberal reformalar tələb edirdi. Bu gün isə tələblər açıq şəkildə siyasi kadr dəyişikliklərinə, daxili qanunvericiliyə, mediaya və cəmiyyətin ideoloji tərkibinə yönəlir. Səhərisi gün nə olacaq? Yeni “tövsiyələr”, yoxsa açıq sanksiyalar?

Gürcüstan tək deyil. Şərqi Avropada, Balkanlarda, Cənubi Qafqazda oxşar ssenarilər artıq neçə ölkədə tətbiq olunub. Amma Gürcüstanın duruşu - xüsusən də son aylarda nümayiş etdirdiyi soyuqqanlılıq və dirəniş - göstərdi ki, hələ hər şey itirilməyib. Hələlik Qərbin diplomatiyası “yumşaq güc” pərdəsi altında davransa da, onun mahiyyəti getdikcə açılır: bu, artıq əməkdaşlıq deyil, bu, ideoloji şantajdır.

Və bu şantaj qarşısında əyilməmək - bu gün Gürcüstanın, sabah isə regiondakı bütün ölkələrin dövlətçilik imtahanıdır. Bu, Avropa ilə əlaqələrin kəsilməsi demək deyil. Bu, bərabərhüquqlu münasibətlərin tələbi, bir dövlətin öz yolunu seçmək hüququna sahib çıxmasıdır.

Çünki əgər “Avropa dəyərləri” doğrudan da mövcuddursa, onlar ilk növbədə hörmətdən, dialoqdan və qarşılıqlı etimaddan başlamalıdır. Əgər bu dəyərlər yalnız itaət tələb edirsə, demək ki, bu dəyərlər deyil - bu, sadəcə maskalanmış nəzarətdir.

Və bu nəzarətə yox demək - təkcə Gürcüstanın deyil, bütün postkolonial məkanın azadlıq sınağıdır.

Ritorika siyasi şantaj alətinə çevrildikdə - Avropa dəyərləri və onların təkəbbürlü yozumu

Diplomatiya dialoq sənəti olmalı idi. O, dövlətlər arasında körpü qurmalı, Vyana konvensiyasının ruhuna uyğun olaraq qarşılıqlı anlaşmaya xidmət etməli idi. Amma əgər diplomatlar ultimatum dilində danışırsa, əgər “insan hüquqları” və “azadlıq” kimi anlayışların yerini “Avropa İttifaqına səmimi sevgi” tələbi tutur - deməli, biz artıq diplomatiya ilə yox, siyasi texnologiyalarla qarşı-qarşıyayıq. Gürcüstan və Azərbaycan kimi ölkələrin indi rastlaşdığı məhz budur. Avropaya inteqrasiya niyyətini bəyan edən bu dövlətlərdən indi öz suverenlikləri bahasına loyal davranmaq tələb olunur.

İlk baxışdan Avropa İttifaqına üzvlük texniki prosedur kimi görünür. Bunu tənzimləyən kriteriyalar da aydındır - 1992-ci ildə müəyyən edilmiş Maastrixt şərtləri və 1993-cü ilin Kopenhagen meyarları. Onlar nəyi əhatə edir?

Dayanıqlı demokratik institutlar, hüququn aliliyi və insan hüquqları;
Funksional bazar iqtisadiyyatı;
Aİ-nin qanunvericilik bazasına - acquis communautaire - tam uyğunlaşmaq bacarığı.
Ancaq son illər genişlənmə prosesi texniki yox, siyasi mülahizələrlə idarə olunur. 2022–2023-cü illərdə Ukrayna və Moldova namizəd statusu qazandılar - halbuki “Freedom House” kimi təşkilatların qiymətləndirməsinə görə, bu ölkələrin institusional yetkinliyi ciddi suallar doğururdu. Ukraynanın korrupsiya indeksindəki göstəricisi - 6.61, Moldovanın - 6.07 (7 ən korrupsiyalaşmış sistem deməkdir) idi. Gürcüstan isə eyni göstəricidə 4.36 ilə daha sağlam institutlara malik idi, amma 2022-ci ildə namizəd statusu ala bilmədi.

Sual yaranır: əgər bu qərar obyektiv kriteriyalara əsaslanmırsa, onda nəyə əsaslanır?

Cavab bəsitdir - siyasi loyalıq. Amma dəyərlərə yox, Aİ-nin hazırkı ideoloji kursuna. Gürcüstan üçün bu nə deməkdir? Xarici agentlər haqqında qanunlardan imtina, ailə siyasətində konservativ təşəbbüslərin yasaqlanması, media ritorikasının Brüssel kanonları ilə uzlaşdırılması və Ukrayna müharibəsi ilə bağlı neytrallıqdan əl çəkmək.

2025-ci ilin aprelində Almaniyanın Tbilisidəki səfiri Peter Fişer belə deyir:
“Gürcüstan Aİ-yə üzv olmaq istəyir, amma eyni zamanda Aİ haqqında yalan məlumatlar yayır. Belə olmaz. Həm daxil olmaq istəyirsən, həm də tənqid edirsən - bu yolverilməzdir.”

Bu bəyanat Avropa İttifaqına inteqrasiyanı islahat müzakirəsi səviyyəsindən çıxarıb, siyasi sədaqət andına çevirmək cəhdidir. Amma Kopenhagen kriteriyalarının heç birində “Aİ-ni tərifləmək” və ya “kritik fikirlərdən çəkinmək” tələbi yoxdur.

Əksinə, 2025-ci ilin martında “NDI Georgia” tərəfindən keçirilən sorğunun nəticələri göstərdi ki, gürcülərin 81 faizi Aİ-yə üzvlüyü dəstəkləyir, amma cəmi 27 faizi Aİ-nin Gürcüstana yönəlik siyasətindən razıdır. Bu rəqəmlər göstərir ki, cəmiyyət Avropa inteqrasiyasını istəyir, amma onu siyasi təslimiyyətin qiymətinə yox, bərabərlik prinsipilə görür.

Bu mənzərədə Avropa diplomatlarının “fikir bildirmə, sus, razılaş” mövqeyi ritorik mina funksiyasını daşıyır. Məqsəd - hökumətin müstəqil kursunu de-legitimləşdirmək, ictimai rəydə “kim Qərbi tənqid edirsə, təcrid olunacaq” mesajını formalaşdırmaqdır.

Bu, yeni texnika deyil. Bu ssenari 1990-cı illərdə Balkanlarda, 2000-ci illərdə Şərqi Avropada, 2013-cü ildən Ukraynada tətbiq olunub:

Seçim imkanı saxta dilemmaya çevrilir: “Ya Avropanın yanındasan, ya da demokratiyanın düşmənisən”;
Müstəqil mövqe dərhal “prorus” və ya “populist” damğası alır;
Yalnız Qərbə loyal olan QHT-lər və media maliyyə və informasiya dəstəyi ilə önə çəkilir.
Gürcüstanda bu tendensiya bariz hiss olunur. Transparency International Georgia-nın 2024-cü il hesabatına görə, xaricdən vətəndaş sektoruna ayrılan qrantların 57 faizi hökumətə müxalif olan strukturlara yönəldilir. Neytrallıq, milli dəyərlər və suverenlik tərəfdarı olan təşkilatlar isə bu maliyyələşmədən tamamilə kənarda qalır.

Əgər reallığı düzgün qiymətləndirmək istəyiriksə, sadəcə bir neçə beynəlxalq reytinqə nəzər salmaq kifayətdir:

World Bank Doing Business 2020: Gürcüstan dünyada 7-ci yerdədir, biznes mühitinin əlçatanlığına görə Fransanı və Almaniyanı qabaqlayır;
Transparency International, 2023-cü il Korrupsiya Qavrayışı İndeksi: Gürcüstan 41-ci yerdədir - Cənubi Qafqazda birinci, İtaliya (42) və Yunanıstanı (49) geridə qoyur;
2024 Index of Economic Freedom (Heritage Foundation): Gürcüstan 26-cı yerdədir - Yaponiya və Belçikanı qabaqlayır.
Bu göstəricilər “demokratiyadan geri dönmə” deyil, illərlə aparılan ardıcıl islahatların nəticəsidir. Amma qərb ritorikasında bu faktlar ya səssizcə ötürülür, ya da ümumiyyətlə nəzərə alınmır. Çünki onlar “qurban ölkə” obrazına uyğun gəlmir. Qərb mediası Gürcüstanı “avtoritarlığa yuvarlanan” ölkə kimi təqdim etməyə maraqlıdır, çünki bu obraz ideoloji müdaxiləni haqq qazandırmaq üçün daha əlverişlidir.

Ən təhlükəlisi isə odur ki, bu ritorika təkcə hökuməti deyil, cəmiyyətin özünü də zəhərləyir. Diplomatik şantaj fonunda Qərbə olan inam tədricən sarsılır. Gürcüstanda və Azərbaycanda Aİ-yə olan istək qalır, amma Avropa institutlarına etimad sürətlə azalır. Səbəb nədir? “Vətəndaş cəmiyyətinə qarşı düşmən ritorika”? “Rusiyanın təbliğatı”? Yox. Əsas səbəb - Avropa ilə real siyasət arasındakı dərin uçurumdur.

Aİ-nin illərlə təqdim etdiyi “dəyərlər sistemi” indi özünü ideoloji intizama tabeçilik kimi göstərir. Əgər sən bu sistemə sadiqsənsə, sənin tənqid haqqın yoxdur. Sual vermək qadağandır. Alternativ düşüncə - təhlükədir. Halbuki gerçək demokratiya məhz fərqli baxışların dinc şəkildə bir arada yaşaya bildiyi mühitdir.

Əgər Gürcüstan öz qanunvericiliyini milli maraqlarına uyğunlaşdırmaq istəyirsə, bu “demokratiyaya zidd” kimi təqdim olunur. Əgər Azərbaycan qərar verir ki, media, təhsil və ailə siyasətində milli kimlik əsas rol oynamalıdır, dərhal “geriyə dönüş”, “avropa dəyərlərinə təhdid” ittihamları səslənir.

Avropalı diplomatlar nədən qorxur? Ondan ki, bir gün bu ölkələr “Avropa dəyərləri” pərdəsi altında təqdim olunan müdaxilənin əsl mahiyyətini anlayacaqlar? Yoxsa bu dəyərlərin bir alət olduğunu, vətəndaş cəmiyyəti institutlarının isə bu alətin ötürücü mexanizmlərinə çevrildiyini?

Avropa İttifaqı bu cür yolla nə Gürcüstanı, nə də Azərbaycanı qazana bilər. Tam əksinə - bu, yalnız suverenlik uğrunda dirənişi gücləndirəcək, cəmiyyətlərdə şübhə və məyusluğu artıracaq.

Qərbin “bizi tənqid etmə, yoxsa sənin inteqrasiyan dayanacaq” tipli təhdid dolu ritorikası - nə diplomatik tərbiyəyə, nə də “açıq cəmiyyət” anlayışına uyğun gəlir. Əgər bu cür yanaşma davam edərsə, Avropa özünü yaxın tərəfdaş yox, geosiyasi təzyiq aləti kimi aparan imperiya görüntüsündə qavranacaq.

Son nəticədə isə sual təkcə Gürcüstanın deyil, bütün Şərq tərəfdaşlığı ölkələrinin qarşısındadır: “Sən Avropaya qoşulmaq istəyirsən, yoxsa özünü Avropaya satmaq?” Bu iki anlayış arasında çox ciddi fərq var. Birincisi - strateji seçimdir. İkincisi - siyasi kapitulasiya.

Bu fərqi görmək, onu qorumaq və müdafiə etmək - XXI əsrin ən mühüm geosiyasi bacarıqlarındandır. Gürcüstan və Azərbaycan bu bacarığı nümayiş etdirməyə başlayıblar. Qərb isə ya bu yeni reallıqla hesablaşacaq, ya da nəhayət, öz dəyərlərinin nə dərəcədə “universal” olduğuna ciddi şəkildə baxmalıdır.

Cənubi Qafqaza qarşı oyun - Ritorikadan sanksiyalara gedən yol

Artıq baş verənlər sözün əsl mənasında nəticələr doğurur. ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) 2025-ci ilin aprelində keçirdiyi sorğuya əsasən, Gürcüstanda Avropa İttifaqına olan inam 2021-ci ildəki 62%-dən 49%-ə düşüb. Daha da diqqətçəkən məqam odur ki, gənclər arasında skeptisizm 42%-ə çatıb. Bu isə o deməkdir ki, hətta ənənəvi olaraq “proavropaçı” sayılan seqmentdə də narazılıq artır.

Vəziyyət tək Gürcüstanla bitmir. Mayın əvvəlində ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə senator Marko Rubioya belə bir sual verildi: Vaşinqton Gürcüstan və Azərbaycanla bağlı sanksiyaları gündəmə gətirməlidirmi? Zalda nə alqış oldu, nə də dərhal cavab. Amma sualın özü təsadüf deyildi - bu, dərinləşən tendensiyanın təzahürüdür. Və bu tendensiya olduqca narahatedicidir.

Burada söhbət hansısa qanuna və ya konkret hadisəyə verilmiş impulsiv reaksiyadan getmir. Əslində qarşımızda daha böyük - Cənubi Qafqazın geosiyasi yenidən dizaynı layihəsinin bir hissəsi durur. Bu layihədə region ölkələrinin artıq “idarə olunan periferiyaya” çevrilməkdən imtina etməsi Qərb paytaxtlarında təşviş doğurur.

Sanksiya çağırışları, diplomatik hücumlar və informasiya təzyiqləri - bunların heç biri ayrı-ayrı epizodlar deyil. Bu, 2025-ci ilin əvvəlindən bəri sistemli şəkildə qurulan koordinasiyalı basqı dalğasıdır. Formal bəhanələr də dəyişmir: “demokratiyadan uzaqlaşma”, “vətəndaş cəmiyyətinə təzyiq”, “insan haqlarına təhdid”. Amma bu ritorikanın arxasında əsl səbəb aydındır: Gürcüstan da, Azərbaycan da artıq Qərbin marionetası olmaq istəmir.

Baxın, Gürcüstan 2024-cü ildə ABŞ-ın FARA qanununa uyğun olaraq “xarici agentlər” haqqında qanun qəbul etdi. Bu, ölkədə xaricdən maliyyələşən QHT-lərin qeydiyyata alınmasını nəzərdə tuturdu. Ancaq Qərb - xüsusilə də Avropa qurumları - bunu “azadlıqların pozulması” və “Avropa kursunun xəyanəti” kimi qələmə verdilər. Halbuki eyni qanun ABŞ-da onilliklərdir tətbiq olunur.

Azərbaycan da oxşar ritorikaya məruz qaldı. 2023-cü ilin sentyabrında Bakının heç bir xarici müdaxilə olmadan, öz gücü ilə suverenliyini bərpa etməsi - yəni konstitusiya quruluşunu Qarabağda tam bərpa etməsi - Qərbin gözlədiyi “daimi münaqişə - daimi vasitəçilik” modelini darmadağın etdi. Bu, onların təsir rıçaqlarını sıradan çıxardı. Avropa Parlamenti 2023-cü ilin dekabrında dərhal “Azərbaycanla münasibətlərə yenidən baxılması” çağırışı etdi. 2024-cü ilin martında Almaniya Gürcüstana göstərdiyi texniki yardımın bir hissəsini dayandırdı. 2025-ci ilin fevralında isə ABŞ Konqresində “demokratiyanı sarsıdan gürcü siyasətçilərə qarşı” fərdi sanksiyalar layihəsi təqdim olundu.

Bu qərarlar Qərbin yeni “demokratiya” tərifini açıq göstərir: əgər sən itaət edirsənsə - demokratsan. Əgər yox - “avtoritar”, “prorus”, “qəddar rejim”.

Bütün bu siyasi pressinqləri informasiya sahəsində yürüdülən kütləvi kampaniyalar tamamlayır. Alman səfiri Peter Fişerin “Aİ-yə girmək istəyən ölkə Aİ-ni tənqid edə bilməz” bəyanatı bir diplomatdan çox, ideoloji komissarın sözlərini xatırladır. Amma faktlar bu ritorikanın üzərinə qara xətt çəkir.

Məsələn, CRRC Georgia-nın 2024-cü ilin dekabrındakı sorğusuna əsasən, Gürcüstan vətəndaşlarının 81%-i Aİ-yə üzvlüyü dəstəkləyir. Amma eyni zamanda respondentlərin 64%-i düşünür ki, Gürcüstan xarici siyasətdə müstəqil qalmalıdır - hətta bu, Brüsseli narazı salacaqsa belə.

Azərbaycanda da vəziyyət eynidir: 2025-ci ilin yanvarında Social Research Center-in apardığı sorğuda respondentlərin 74%-i Qərblə strateji tərəfdaşlığı dəstəkləyir. Lakin cəmi 29%-i düşünür ki, bu münasibətlər Türkiyə və Şərq ölkələri ilə əlaqələrə zərər verməlidir.

Cənubi Qafqaz “sanitar kordonu” olmayacaq

Tarixdə “sanitar kordonu” anlayışı ilk dəfə Birinci Dünya müharibəsindən sonra yaranmışdı. Məqsəd - Rusiya ilə Qərbi Avropa arasında bir “bufer zonası” yaratmaq idi. Polşa, Baltikyanı ölkələr, Rumıniya və digərləri bu strategiyanın tərkib hissəsi idilər. XXI əsrdə isə bu konsept yenidən gündəmə gətirilir. Bu dəfə hədəf Rusiya deyil - öz yolunu seçmək istəyən, müstəqil geosiyasi aktor olmaq iddiasındakı ölkələrdir. Söhbət Gürcüstandan, Azərbaycandan, sabah isə bəlkə də digər qonşulardan gedir.

Məqsəd sadədir: regionu daimi idarəolunan qeyri-müəyyənlikdə saxlamaq. Nə Şərqlə, nə Türkiyə ilə, nə də bir-biri ilə gerçək inteqrasiyaya imkan verməmək. Bölgənin öz daxili gündəmini formalaşdırmasına, müstəqil inkişaf modelinə malik olmasına imkan tanımamaq. Bunun üçün Qərbin əlində kifayət qədər alət var: QHT-lər, aktivist şəbəkələri, diplomatların təzyiq bəyanatları, media manipulyasiyaları və əlbəttə, sanksiyalar.

Avropa İttifaqı bu gün özünün yaratdığı moral tələsində ilişib qalıb. O, namizəd ölkələrdən təkcə islahat deyil, həm də emosional təslimiyyət tələb edir. Amma unudur ki, davamlı və bərabərlik əsasında qurulan tərəfdaşlıq yalnız qarşılıqlı hörmət üzərində dayana bilər. Gürcüstan, Azərbaycan və sabah digər region ölkələri - artıq Qərbin “ağıl öyrədən” ritorikasından yorulub. Onlara nə ideoloji nəsihət lazımdır, nə də yuxarıdan verilmiş “avropaçılıq dərsləri”. Onlara şəffaf kriteriyalar, aydın prosedurlar və açıq dialoq lazımdır.

Ritorika bəzən silah ola bilər. Amma əgər o, reallığın üstünü örtmək və fərqli baxışlara divan tutmaq üçün istifadə olunursa - bu artıq təkcə mədəniyyət böhranı deyil, Avropa ideyasının özünün deqradasiyasıdır. Əgər Avropa doğrudan da “xalqların birliyi” olmaq istəyirsə, imperiya xislətindən imtina etməli və bərabərlik prinsiplərinə qayıtmalıdır. Hələ ki gec deyil.

Gürcüstan Avropa kursunu ilk dəfə Konstitusiyasına daxil edən dövlətdir. Amma bugünkü böhran göstərir ki, Brüssel tərəfdaş yox, itaətkar axtarır. Gürcüstan isə bu yola ləyaqətlə çıxmaq istəyir - öz faciələrini unutmayaraq, öz yaddaşını tapdalamayaraq, ikili standartları susaraq qəbul etmədən.

Məhz bu - gerçək avropalılıqdır. Təntənəli bəyannamələrdə yox, təmkinli, düşünülmüş, suveren qərarlarda əks olunan avropalılıq. Öz sözünə sahib çıxmaq hüququ olan avropalılıq.

Əgər səfirlər siyasətçi kimi danışmağa başlayırsa, əgər diplomatlar ölkələrin daxili həyatına açıq şəkildə müdaxilə edirsə, artıq “dostcasına tərəfdaşlıq”dan danışmaq sadəlövhlük olar. Bu - sivil şəkildə bəzədilmiş xarici diktədir. Gürcüstan bu günə qədər daha ağır sınaqlardan keçib və bu dəfə də dayanacaq. Sadəcə bu dəfə artıq daha aydın anlayışla: kim dostdur, kim isə yalnız başqalarının maraqları naminə “nəzarətçi” kimi davranır.

Azərbaycan və Gürcüstan nə Aİ-dən, nə ABŞ-dan üz döndərir. Onlar əməkdaşlıq istəyir. Onlar təcrid siyasəti yürütmür, neytrallıq elan etmirlər. Amma tələb edirlər: ədalətli yanaşma, ikiüzlü meyarların olmaması, “dəyərlər” adı altında gizlədilən şərtlərin rədd olunması. Onlar tələb edirlər ki, onlara “təcrübə poliqonu” kimi deyil, bərabərhüquqlu siyasi subyekt kimi yanaşılsın.

Məhz bu prinsipiallıqdır ki, Qərb dairələrini qıcıqlandırır. Çünki zəif, asılı rejimlərlə işləmək daha rahatdır, nəinki güclü və öz yolunu seçən dövlətlərlə. Amma Cənubi Qafqaz artıq piyadadan imtina edir. Bu taxt oyununda bölgə öz krallarını və strategiyasını özü müəyyən etmək istəyir.

Və bu dəfə oyun artıq onların qaydalarına yox, bizim iradəmizə uyğun qurulacaq.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ