Agora Analitik Kollektiv tanınmış demokratiya alimi Larry Diamond ilə müsahibəsini təqdim edir. Diamond Stanford Universitetinin Siyasi Elmlər və Sosiologiya üzrə professoru və akademik “Demokratiya Jurnalı”-nın təsisçi həmredaktorudur. Onun dünyada demokratik inkişaf siyasətləri və trendləri ilə bağlı kitablarına və elmi məqalələrinə müxtəlif tədqiqatlarda 48 min dəfədən çox istinad olunub. Diamond “İnkişafda Olan Demokratiya: Möhkəmlənməyə Doğru”, “Demokratiyanın Ruhu”, “Zərərli Küləklər: Demokratiyanı Rusiyanın Qəzəbindən, Çinin Ambisiyasından və Amerikanın Arxayınlığından Xilas Etmək” kimi kitabların müəllifidir.
Müsahibə 27 noyabr 2022-ci il tarixində Nəcmin Kamilsoy tərəfindən üz-üzə formatda götürülüb və sonra ingiliscədən azərbaycan dilinə tərcümə olunub. Müsahibə əsasən 3 əsas sual ətrafında qurulub və iştirakçılıq, demokratik tənəzzül, vətəndaş cəmiyyətinə məhdudiyyətlər, populizm, sosial şəbəkələr və texnologiyaların rolu kimi mövzuları əhatə edir. Müsahibənin mətni ilə aşağıda tanış ola bilərsiniz.
N.K.: Cənab Diamond, sizin daha öncəki akademik tədqiqatlarınız demokratik sistemlərin qurulmasına və bunda vətəndaş cəmiyyəti və iştirakçılığın roluna fokuslanırdı. Son illərdə isə siz məqalələrinizdə dünya üzrə demokratiyanın tənəzzülündən bəhs edirsiniz. Yanlış gedən nə oldu?
L.D.: Deməli belə, çox şey mənfi və ya arzuolunmaz istiqamətdə gedib. “Yanlış gedən nə oldu?” sualınıza cavab vermək üçün əvvəlcə dəqiqləşdirmək lazımdır ki, harada? Fərqli ölkələrdə fərqli şeylər yanlış getdi. Həmçinin hər yerdə – qlobal sistem səviyyəsində səhv gedən şeylər oldu.
Beləliklə, qlobaldan başlamaq daha asandır. Demək olar ki, oturuşmuş və ya inkişaf etməkdə olan demokratiya olmasından asılı olmayaraq, hər yerdə demokratiyaya mənfi təsir edən bəzi amillər var. Şübhəsiz ki, yanlış gedən şeylərdən biri dünyada güc balansının son 10-15 ildə liberal demokratiyadan uzaqlaşması ilə Rusiyanın ən azı səthi yüksəlişi olub. Biz bir neçə dalğada gördük ki, – xüsusilə də Ukraynada müharibə davam edərkən, – Rusiyanın dünyada “böyük güc” kimi görünən dirçəlişində çoxlu sünilik və boşluqlar var imiş və bu, Rusiyanı əslində olduqca zəif duruma salıb.
Amma, əgər dünyada güc assimmetrik olaraq qiymətləndirilsə – və ya təsir elementlərinə kimin daha zəngin ölkə olduğu və kimin ən təkmil orduya malik olduğu yox, kimin “kəskin güc”* göstərmək imkanlarına malik olduğu daxil edilsə, – o zaman Rusiyanın yüksəlişi hələ də demokratiyaya çox mənfi təsir göstərir. O, avtoritar namizədlərin seçki kampaniyalarına maliyyə axını edir, yaxın xarici ölkələrin siyasətinə pozucu və qeyri-mütənasib təsir göstərir. Düşünürəm ki, Rusiya müdaxilə etməsəydi, Gürcüstan siyasət baxımından indi başqa cür görünərdi. Rusiya Ukraynanın siyasətinə təsir göstərə və ya diktə edə bilmədiyinə görə, nəticədə müharibəyə başladı. Yanukoviçi hakimiyyətdə saxlaya bilsəydi, yəqin ki, onun üçün bu qədər böyük əhəmiyyət kəsb etməzdi.
İlk növbədə, Rusiya və onun özünü böyük güc kimi – daha genişlənmiş Rusiya kimi – bərpa etmək səylərini qeyd etmək lazımdır. Daha çox ərazi udmaq, yaxın xaricdəki demokratiyalara hədə-qorxu gəlmək və onları sarsıtmaq, uzaqlarda isə – Avropa İttifaqında, Fransada və hətta ABŞ-a qədər – Rusiyayönümlü və qeyri-liberal qüvvələri dəstəkləmək. Düşünürəm ki, Rusiyanın ABŞ siyasətinə müdaxiləsi olmasaydı, yəqin ki, 2016-cı ildə Donald Trampı seçməzdik.
Daha təsirlisi isə, Çinin böyük güc statusuna yüksəlişi və kəskin güc göstərməklə dünya üzərindəki demokratiyaları sarsıtması oldu. Honq-Konqdakı yarı-demokratiyanı yox etdi. Çinin təbliğat aparatı “demokratiyaların zəif, məqsədsiz və qeyri-effektiv olması və indi avtoritarizm dövrü olduğu” hekayəsini yayır. Rusiya da öz imkanları ilə bu hekayəni inkişaf etdirir.
Çox sayda avtokratiyaların öz güclərini, aqressivliyini, müdaxiləçiliyini və s. artırdığı dövrdə oturuşmuş demokratiyalar geri çəkildilər, özünəinamı itirdilər; onların demokratik keyfiyyətləri aşağı düşdü, çox qütbləşdilər və əvvəlkindən daha az ilhamverici bir model oldular. Təkcə ABŞ deyil, həmçinin Avropanın bir çox ölkəsi.
Sonra isə bu, bizim demokratiyanı daha effektiv şəkildə təbliğ etməyimizi çətinləşdirdi. Bu, bizim demokratiyanı müdafiə etməyimizi çətinləşdirdi. Bu, əsasən öz maraqlarına xidmət edən bir çox korrupsiyalaşmış elitalar üçün yol açdı. Onların çoxu “deməli, bəlkə də avtoritarizm daha yaxşı sistemdir” arqumentini irəli sürdü. Məsələn, Birləşmiş Millətlər Təşkilatında və digər beynəlxalq forumlarda Rusiya və Çinlə bir araya gəldilər və ya ən azı Ukraynaya vəhşicəsinə hücumundan sonra Rusiyanın əleyhinə səs vermədilər.
Həmçinin, möhkəmlənmiş demokratiyalar da daxil olmaqla, hamıya təsir edən faktorlar var. Düşünürəm ki, sosial media siyasətin qütbləşməsi və qeyri-liberal populistlər üçün mövcud qütbləşmədən istifadə etmək, onu genişləndirmək və insanların qorxuları ilə oynamaq üçün uyğun bir məkan yaratmaqda çox əhəmiyyətli mənfi amil olub. Təbii ki, Viktor Orban bu mənada cığır açdı, lakin çoxlu digər nümunələr də var – onlardan bəziləri hakimiyyətə gəlməyi bacarıb. Ən son, məsələn, İtaliyada Corciya Maloni, İsveçdə Demokratlar [ultrasağçı partiya] hakimiyyətin bir hissəsini əldə etdi. Onlar, digər hallarda, heçnədən hakimiyyəti ələ keçirdilər. Məsələn, El Salvador prezidenti Bukhele kimi – hansı ki, bədnam və çox-çox təhlükəli şəxsiyyətdir. O, El Salvadorda 90 faiz populyarlıq qazanıb. Sosial media zərərli antidemokratik və ya qeyri-liberal qüvvələr üçün istismar vasitəsidir və dezinformasiyanın təbliği, insanları qəzəbləndirmək, onları qütbləşdirmək üçün yararlı mühərrikdir.
Bundan əlavə, qeyri-liberal populistlərin işləmək üçün çoxlu xammalları var. Qabaqcıl sənaye dünyasının bir çox ölkələrində, o cümlədən Avropa İttifaqının böyük bir hissəsində və şübhəsiz ki, ABŞ-da, insanlar immiqrasiyadan həqiqətən narahatdırlar. Sərhədləri aşmaq və qloballaşma – və təbii ki, Brexit buna qarşı reaksiya idi, – ölkələri qeyri-liberal populist qüvvələrin istismarına əlacsız qoydu. Həmin qüvvələr İsveçin “qara ölkə” olacağı və ya Macarıstanın “qeyri-xristian və ya tünd dərili insanlar tərəfindən ələ keçiriləcəyi” qorxusunu camaata satırlar. Bəzən irqçiliklərini gizlətmək üçün bir az daha mürəkkəb sözlər tapırlar, lakin çox vaxt mürəkkəb deyillər. Hətta, demək olar ki, heç bir mühaciri olmayan Macarıstanda olduğu kimi. İndi cəmiyyətlərin mədəni, etnik, dini və irqi cəhətdən əvvəlkindən daha müxtəlif olmağa uyğunlaşması və dərindən dəyişməsi vaxt tələb edir.
Beləliklə, qloballaşmanın bu elementi, insanların sərhədləri keçməsi və çox vaxt daimi immiqrasiya kimi görünən şey bəzi insanlar üçün çox narahatedicidir və bu, avtoritar populistlərin əlinə oynamaqla, bir çox ölkədə onların yüksəlişini izah etməyə kömək edir.
Və bunlardan başqa, iqtisadi nizamsızlıq, bərabərsizlik, məyusluq, tənəzzül var. Bir çox insan öz iqtisadi gələcəkləri, işləri və s. barədə narahatdır. Keçmişdə iqtisadiyyatlar gerilədikdə və insanlar hiss etdikdə ki, hazırkı hökumət gəlirlərini yaxşılaşdırmaqda, iqtisadi sabitliklərini yaxşılaşdırmaqda, iş imkanlarını yaxşılaşdırmaqda və s. heç bir nəticə verməyib, onlar sadəcə olaraq alternativ demokratik partiyaya səs verərək vəzifədə olanları cəzalandırardılar. Bu, normal demokratik nəzəriyyədir. Son dövrlərdə isə alternativ qeyri-liberal populistlərdir. Və sonra, bir çox Avropa ölkələrində olduğu kimi koalisiya hökuməti qurulanda və bu koalisiyalar çox genişdirsə: məsələn, Almaniyada Sosial Demokratlar və Xristian Demokratların birgə qurduğu siyasət nəticə vermirsə, o zaman prinsipial alternativ Almaniya üçün Alternativ [ultrasağçı partiya] və ya İsveçdə Demokratlar, Fransada Milli Cəbhə [ultrasağçı partiya], ya da oxşarlarıdır.
Beləliklə, bu ölkələrin bir çoxunun “yanlış getmək” fenomeninin yaranmasına kömək edən xüsusiyyətləri var. Sonda, bu, mövcud olan məsələrərin hamısı deyil, amma indi qeyd edəcəklərimin qalanıdır. Diqqətlə baxanda, bir çox ölkələrdə şeytani şəkildə ağıllı, lakin bacarıqlı avtoritar siyasətçilər, populist liderlər görürsünüz – hansı ki, şərtlərə çox uyğunlaşır, insanların qorxuları ilə oynayır, bunun üçün sosial mediadan istifadə edir, insanların narahatlıq və qorxularını manipulyasiya edirlər. ABŞ-da Tramp, Braziliyada Bolsonaro var; məsələn, Modi Hindistanda hindu şovinizmini oynayır. Bu insanlar həqiqətən təhlükəlidirlər və bəzi hallarda öz dəyərlərində və instinktlərində açıq-aşkar avtoritardırlar. Lakin onlar bacarıqlı ünsiyyətçilərdir. Nəticədə, sizə qeyd etdiyim məsələlər kontekstində izləyiciləri səfərbər edə bilirlər.
N.K.: Araşdırmalar göstərir ki, dünyada 90-a yaxın ölkə vətəndaş cəmiyyətinə qarşı məhdudiyyətlərin tətbiqini təcrübədən keçirib. Deyə bilərik ki, vətəndaş cəmiyyətinə qarşı əks reaksiya müxtəlif ölkələrdə demokratik geriləmənin əsas elementlərindən biridir. Məsələn, Rusiyada 2006-cı ildə başlayan QHT qanunvericiliyi məhdudiyyətləri regionda yayılmağa başladı. Amma görürük ki, vətəndaş cəmiyyəti qrupları müəyyən mənada şəraitə adaptasiya edib mövcudluqlarını qoruyurlar. Siz son onilliklərdə vətəndaş cəmiyyətinin keçdiyi transformasiyanı necə qiymətləndirirsiniz?
L.D.: Əvvəlcə onu deyim ki, avtokratların atdıqları əks addımlar, vətəndaş cəmiyyətinin vacibliyi ilə bağlı nəzəriyyələri təsdiq edir. Çünki vətəndaş cəmiyyəti, ən azı zaman-zaman, avtoritar idarəçiliyə meydan oxumaqda, onun korrupsiya və yalanlarını ifşa etməkdə təsirli olmasaydı, insanları heç olmasa demokratik dəyişikliklər istəmək üçün səfərbər etməsəydi, avtokratlar ona baş qoşmazdı. Vətəndaş cəmiyyətini repressiyaya məruz qoymağın maliyyəti var – beynəlxalq maliyyəti var, daxili maliyyəti var və bunun üçün repressiya aparatının yaradılmasının xərcləri var. Beləliklə, əgər vətəndaş cəmiyyəti əhəmiyyət kəsb etməsəydi, onu repressiya etmək üçün xərc çəkməzdilər.
Rusiyada vətəndaş cəmiyyəti adaptasiyada böyük uğur qazana bilməyib. Ancaq cəhd etdikləri üçün onlara çox qiymət verirəm və onlara çox heyranam. Düşünürəm ki, onların böyük uğur qazana bilməməsinin əsas səbəbi rejimin son dərəcə güclü olmasıdır – resurslarında, təşkilatlanmasında, təbliğatında, millətçilik manipulyasiyasında.
Məncə, aydındır ki, istər Rusiyaya, istərsə də başqa ölkəyə baxsanız, davam edən repressiya dalğasına uyğunlaşmaq üçün hələ də çoxlu təkamül lazımdır. Ehtiyac olan adaptasiya elementləri hanslılardır: ilk növbədə, düşünürəm ki, vətəndaş cəmiyyətinə daha kəskin strategiya lazımdır. Bu hərəkatların əksəriyyəti qeyri-zorakı vətəndaş müqaviməti metodlarını dərindən öyrənməyib və bunun təlimini öz fəaliyyətində əks etdirməyib. Onlar, nə də ki, mübarizənin parametrlərini müəyyən mənada dəyişdirə biləcək sivil müqavimətin yenilikçi formalarını nümayiş etdirməyiblər. Hətta, söhbət küçə etirazlarından, vergiləri ödəməkdən imtinadan, boykotdan, və digər aktlardan getməsə belə, sonda, qeyri-zorakı vətəndaş müqaviməti insanların hansısa formada ayağa qalxması və risk alması deməkdir. Ayağa qalxmaq Kara-Murza və Aleksey Navalnı [Rusiyada məşhur anti-korrupsiya aktivistləri] kimi həbs olunmaq və ehtimal ki, həbsxanada ağır fiziki zorakılıq görmək riskini yaradır.
Mən heç kimə riskə getməli olduğunu deyəcək biri deyiləm. Bu, bizi növbəti müqavimət sahəsinə gətirir: yeraltı müqavimət və hətta uzaqdan müqavimət. Düşünürəm ki, biz totalitar dövrlərin bəzi elementlərinə qayıdırıq – hansı ki, insanlar həqiqətən yeraltı formada necə işləməyi öyrənməlidirlər. Amma müasir texnologiyalar, izlənmə proqramları indi bunu daha da çətinləşdirib: insanlar sosial mediada iz buraxırlar, hətta onlar mesajlarının şifrələndiyini düşünəndə belə, rəqəmsal şifrələmənin bütün formaları eyni dərəcədə etibarlı deyil. Biz bir çox çətinliklərlə üzləşirik.
Amma vətəndaş cəmiyyəti çox şeydir. Bu, təkcə rəsmi təşkilatlar – QHT-lər, beyin mərkəzləri, universitetlər, xeyriyyə fondları və bu kimi şeylər deyil. Bu həm də, qeyri-formal şəbəkələrdir – informasiya şəbəkələri, birdən yaranan etiraz hərəkatları, müstəqil media, yeraltı sosial əlaqələr, siyasi gündəmi olan əlaqələr və s.
Mən müstəqil medianın böyük pərəstişkarıyam. Məncə çox vacibdir. Perspektivli məqamlardan biri – və biz bunların bəzilərini Rusiya nümunəsində görürük, amma başqa yerlərdə doğrudur ki, – Rusiya kimi ölkələrdə bağlanan mediaları bir qismi mühacirətdə yaranıb fəaliyyət göstərir və ən azından diktaturanın xəbərə çevrilməsini istəmədiyi bir sıra şeylər barədə xəbər hazırlayır. Bu, jurnalistlər şəbəkəsinin və şifrələnmiş vasitələrlə hekayələrin az və ya çox etibarlı şəkildə göndərilməsi nəticəsində mümkün olur.
Bu məlumat axınını təmin etmək üçün, izlənmədən yayınmağın və senzuranın yayınmağın yeni vasitələrini tapmaq üçün rəqəmsal informasiya texnologiyalarına daha çox sərmayə qoymalıyıq.
N.K.: Bu gün müzakirə etdiklərinizin fonunda vətəndaş iştiraçılığının və ictimai birliklərinin gələcəyini necə görürsünüz?
L.D.: Hansı kontekstdə olmasından asılıdır. Çində vətəndaş iştirakçılığının necə göründüyü Azərbaycandakıdan fərqli olacaq. Azərbaycanda ictimai iştirakçılıq da Serbiyadakından fərqli məna kəsb edəcək.
Liberal demokratiyalarda optimizm üçün daha çox yer var. İnsanlar vətəndaşların iştirakı üçün yeni vasitələr yaratmaq üçün çoxlu yaradıcı işlər görürlər. Düşünürəm ki, bunların bir hissəsi rəqəmsal olacaq. Vətəndaşların iştirakını və vətəndaşların hökumətlə ünsiyyətini artırmaq və asanlaşdırmaqda texnologiyanın potensial əhəmiyyətli rolu var. Bu hökümətlərin vətəndaşlarla effektiv ünsiyyəti üçün şərait yarada bilər: hətta, məsələn, “təbii fəlakət, ya fövqəladə hal zamanı hara getmək lazımdır?” və ya “bu platformada siz dövlət xidmətlərindən daha rahat istifadə edə bilərsiniz” və s. Silikon vadisində çox ağıllı iki gənc slovakiyalı var: onlar insanlara öz şəhər rəhbərlikləri ilə çox səmərəli və tez ünsiyyət qurmağa, hökumətlərin nə etdiyini öyrənməyə, həmçinin, məlumat göndərməyə və qəbul etməyə imkan verən proqram hazırlayıblar.
Demək istədiyim odur ki, rəqəmsal texnologiya heç də həmişə pis deyil, onun bəzi imkanları artıran funksiyaları var, lakin insanlar daha çoxunu istəyirlər. İnsanların gözləntiləri artıb – deməli, onların hökumətdən gözləntiləri də artıb. Onlar daha səbirsizdirlər, hökumətin daha tez nəticə göstərməsini istəyirlər və daha tez etiraz edirlər. Onlar siyasi səhvlərə daha az dözürlər – məncə, bu, böyük bir şeydir. Ancaq bu, qeyri-liberal populistlər tərəfindən qeyri-demokratik məqsədlər üçün manipulyasiya edilə bilər. Və sonra gözdən salmağa çalışdıqları hökümətdən daha çox korrupsioner ola bilərlər.
Ona görə də hesab edirəm ki, vətəndaşların iştirakçılığı hazırda çox müqavimət görən bir məkandır. O qədər müqavimət görür ki, hətta vətəndaşlar könüllü olaraq iştirakını təklif etmə həddinə çatıb. Bu müqavimət o dərəcəyə qədərdir ki, vətəndaşlar öz iştirakında pozitiv, konstruktiv, düşünülmüş davranır, narazılıq və etirazı demokratik sistem və normalara sadiqlik çərçivəsində edir. Bu məkan müxtəlif yollarla müqavimət görür. Bəzi yerlərdə genişlənir, təkmilləşir və dərinləşir. Lakin bir çox yerlərdə iştirakçılıq bir növ əhəmiyyətsiz kimi görülmək və öz idealist məzmununda itib-batmaq riski altındadır.