Xalçaçılar uşaqların müdafiəçisi rolunda
Tarix: 2-06-2021, 08:18
Google+ Paylaş
Tumblr Paylaş

Xalçaçılar uşaqların müdafiəçisi rolunda

2-06-2021, 08:18

Uşaq hüquqları insan haqlarının ən mühüm və ayrılmaz hissəsidir. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir. Bu səbəbdən də Azərbaycanda uşaqların sağlam, savadlı, hərtərəfli və vətənpərvər övlad kimi böyüməsinə hər zaman xüsusi diqqət yetirilir.
Forpost.az

xəbər verir ki, bu fikirlər “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Abşeron filialında təşkil etdiyi tədbirdə səslənib.

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü “Azərxalça” ASC-də də geniş qeyd olunub. Bu gün münasibətilə “Azərxalça” ASC, Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) və “McDonalds” şirkətinin birgə təşkilatçılığı və əməkdaşlığı ilə UAFA–nın Bakının Yasamal rayonunda yerləşən İcma Əsaslı Reabilitasiya Mərkəzinin xidmətlərindən bəhrələnən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Azərxalça”nın Abşeron filialına səyahət təşkil olunub.

Səyahət zamanı uşaqlar xanalarda xalça toxuyub, milli xalça naxışları və çeşnilərin boyanmasında iştirak ediblər.

UAFA-nın kommunikasiya məsələləri üzrə məsul şəxsi Çingiz Rahmanov bildirib ki, təmsil etdiyi qurum Azərbaycanda 1998-ci ildən fəaliyyət göstərir. Təşkilat Azərbaycanda uşaqların rifahı istiqamətində istər dövlət qurumları, istərsə də beynəlxalq təşkilatlarla birgə müxtəlif layihələr həyata keçirib. Qeyd edib ki, qurumun əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasıdır: “Bu gün reabilitasiya mərkəzlərimizə gələn xüsusi qayğıya ehtiyacı olan uşaqlar “Azərxalça” ASC-nin emalatxanasında istehsal prosesi ilə tanış olublar. UAFA gələcəkdə davamlı olaraq uşaqları xalça toxunması, milli ornamentlərin necə ərsəyə gətirilməsilə bağlı fəaliyyətlərə cəlb olunmasına dəstək göstərəcək. İstəyirik ki, uşaqlar öz təsəvvürlərini incəsənət vasitəsilə inkişaf etdirsinlər və cəmiyyətə çatdırsınlar, yaradıcı potensiallarını ortaya qoysunlar. Eyni zamanda, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xalça toxuculuğu, rəssamlıq ayrıca bir terapiyadır. Çünki incəsənət vasitəsilə uşaqların cəmiyyətlə ünsiyyəti daha asandır. Bu zaman xüsusi qayğıya ehtiyacı olan uşaqlar öz bacarıqlarını, fikirlərini ətrafındakılara daha yaxşı çatdıra bilirlər”, – deyə Ç.Rahmanov vurğulayıb.

UAFA-nın Yasamal İcma Əsaslı Reabilitasiya Mərkəzinin “Ailələrlə iş” bölümünün rəhbəri və mütəxəssisi Zəhra Xələfova bildirib ki, xalça toxumaq, rəngli saplarla oynamaq, xalçaların sirli, sehrli rəngləri xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün çox yaxşı reabilitasiya üsuludur: “Bizim əsas məqsədimiz xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasına köməklik göstərməkdir. Onların bacarığı, əl işləri gələcəkdə peşəyönümlü iş əldə etməsinə təkan verir. Uşaqlara xalça sənəti, xalça üzərində təsvir olunan ornamentlər, naxışlar maraqlı gəldiyi üçün “Azərxalça” ASC-nin emalatxanasında xalça toxunma prosesində iştirak etmək onların dünya görüşü ilə bərabər, əhval-ruhiyyəsini artırır və onlarda reabilitasiya prosesini sürətləndirir”.

Bildirilib ki, pandemiya dönəmində reabilitasiya mərkəzinin xidmətlərindən uzun müddət onlayn şəkildə yararlanan uşaqlar üçün təşkil olunan bu tədbir çox faydalı olmaqla yanaşı, həm də maraqla qarşılanıb.

“Azərxalça” ASC-nin mətbuat katibi Xatuna Abdullayeva bildirib ki, təmsil etdiyi qurum və UAFA yalnız Bakıda deyil, regionlarda da xüsusi qayğıya ehtiyacı olan uşaqlarla davam etdirməyi planlaşdırır. “Ölkəmizdə uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması, əlilliyi olan və xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiya olunması istiqamətində “Azərxalça” ASC bütün təşəbbüs və fəaliyyətlərə dəstək verməyə hazırdır”, – deyə X.Abdullayeva əlavə edib.

Tədbir bitdikdən sonra uşaqlar üçün təşkil olunmuş bayram ən yaxın “McDonalds” filialında davam etdirilib.

Xatırladaq ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ