Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov AZƏRTAC-a bildirib ki, bu gün - su çərşənbəsində Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 7 dərəcə, Aran rayonlarında 7-9 dərəcə isti, dağlıq rayonlarda isə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
“Son illərin statistikasına görə, su çərşənbəsində Bakıda və Abşeron yarımadasında mülayim isti hava şəraiti müşahidə olunsa da, bu il havanın temperaturu bir qədər aşağıdır. Məsələn, 2018-ci ilin su çərşənbəsində Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 10 dərəcə, 2019-cu ildə 12 dərəcə, 2020-ci ildə 15 dərəcə, 2021-ci ildə 10 dərəcə, 2022-ci ildə 13 dərəcə, 2023-cü ildə 16 dərəcə isti olub. Bu gün isə 7 dərəcəyədək isti müşahidə olunur”, - deyə xidmət rəisi bildirib.
Xidmət rəisi qeyd edib ki, son illərin çoxillik meteoroloji müşahidə məlumatlarına əsasən, 2024-cü ilin su çərşənbəsinin havası əvvəlki illərin hava şəraiti ilə müqayisədə daha aşağı temperatur ilə səciyyələnir: "Su çərşənbəsinin inancları suyun təbiətdə bütün canlıların həyat mənbəyi olduğunu göstərir. Bu baxımdan onu qorumaq və əlbəttə ki, sudan qənaətlə istifadə etmək lazımdır".
Su çərşənbəniz mübarək!