İyulun 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasının xarici işlər nazirinin Avropa məsələləri üzrə köməkçisi İhab Talaat Nasrın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
XİN-in Mətbuat xidməti idarəsindən Forpost.az
Ceyhun Bayramov, həmçinin ölkələrimizin beynəlxalq müstəvilərdə əməkdaşlığını qeyd edib, bu xüsusda Qoşulmama Hərəkatı çərçivəsində uğurlu fəaliyyətdən bəhs edilib. Bakıda keçirilən Qoşulmama Hərəkatı Gənclər Sammitində Misir nümayəndə heyətinin də iştirakı məmnunluqla səsləndirilib.
Nazir köməkçisi İhab Talaat Nasr Azərbaycana növbəti səfərinin baş tutduğunu söyləyib və ölkədəki inkişafı məmnunluqla qeyd edib. O, Misirin Azərbaycan ilə münasibətlərin inkişafına əhəmiyyət verdiyini vurğulayıb. Mövcud siyasi dialoqun və ikitərəfli təmasların intensivliyinin qorunub saxlanılmasının vacibliyi qeyd edilib.
Görüşdə, həmçinin cari ildə Azərbaycan və Misir arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edildiyi vurğulanıb və bu xüsusda qarşılıqlı təbriklər səsləndirilib.
Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, azad edilmiş ərazilərin yenidən qurulması ilə bağlı Azərbaycan tərəfindən görülən geniş miqyaslı işlər barədə ətraflı məlumat verib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Eyni gündə Azərbaycan Respublikası və Misir Ərəb Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. İclasda Azərbaycan tərəfindən nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Misir tərəfindən isə xarici işlər nazirinin Avropa məsələləri üzrə köməkçisi İhab Talaat Nasr başçılıq edib. Siyasi məsləhətləşmələr çərçivəsində əməkdaşlıq istiqamətləri üzrə bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.