7-02-2020, 10:18

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının repertuarında yeni tamaşalardan olan “Yeddi nar çubuğu” fevralın 8-də təqdim ediləcək.

Kiçikhəcmli ibrətamiz məişət nağıllarımızdan olan “Yeddi nar çubuğu”nun motivləri əsasında hazırlanan tamaşanın səhnələşdirmə və mahnı mətnlərinin müəllifi publisist Zülfüqar Rüfətoğludur. Teatrın baş rejissoru, Əməkdar artist Qurban Məsimovun quruluş verdiyi səhnə əsəri klassik nağıl üslubuna tam fərqli baxış kimi də xarakterizə oluna bilər. Belə ki, rejissor əsərdə ideyadan irəli gələn ibrətamiz hadisələr fonunda tamaşaçılara fərqli kukla texnikalarının köməyi ilə bitkin bir təsvir təqdim edə bilib. Quruluşçu rəssamı Rəvanə Yaqubova olan bu tamaşada teatrsevərlər bütün zamanlarda öz füsunkarlığını qoruyan sehrli nağıl təsvir-təyinini hakim saxlamaqla çağdaş zamanın texnoloji vasitələrinin fonunda tam klassik, bir növ, nostalgiya yaradan səhnə həllinə nail olub. Mahnı və rəqslərlə zəngin tamaşanın bəstəkarı, Əməkdar artist Vüqar Camalzadə əsas etibarilə yurd, torpaq təəssübü, çağırış, cəng ruhlu musiqilər yazmaqla tamaşanın yüksək tempini və ümumi fabulasını qorumağa çalışıb.

Tamaşada obrazları teatrın aparıcı aktyorları Əməkdar artistlər Rəhman Rəhmanov, Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov, Ramiz Qəmbərov, Yasin Abbasov, Araz Həsənli, Samirə Nəcəfova və Aygül Ağayeva canlandıracaq.

Qeyd edək ki, səhnə əsəri Kukla Teatrı, “ITALDIZAIN” şirkəti və Fransanın Bakıdakı “Cartier zinət evi”nin dəstəyi ilə ərsəyə gəlib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ