29-09-2023, 09:54

Sentyabrın 29-da futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura start veriləcək.

Turun oyunları üç günü əhatə edəcək.

Açılış matçında son çempion “Qarabağ” “Sumqayıt” klubu ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionundakı təmir-bərpa işləri ilə əlaqədar görüş “Azersun Arena”da baş tutacaq.

Son iki turda qələbə qazanan Ağdam təmsilçisi hazırda 13 xalla üçüncü pillədə qərarlaşıb və lider “Zirə”dən cəmi 3 xal geri qalır. Növbəti həftə UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda İsveçdə “Hekken”in qonağı olacaq “köhlən atlar”ın çempionat matçına ehtiyat qüvvə ilə çıxacağı gözlənilir. Böyük ehtimalla, baş məşqçi Qurban Qurbanov əsas heyətin bəzi üzvlərinə istirahət verəcək. Bununla belə, liderlər qrupundan uzaqlaşmaq istəməyən “Qarabağ” qələbə uğrunda mübarizə aparacaq. Dörd oyundur qalib gələ bilməyən “Sumqayıt” isə “qara zolaq”dan çıxmağa çalışacaq. Komanda hazırda səkkiz xalla turnir cədvəlinin 7-ci pilləsində yer alıb.

İkinci oyun günündə iki qarşılaşma baş tutacaq. Hələlik qeyri-sabit çıxışı ilə diqqət çəkən “Neftçi” mövsümə pis başlamayan “Turan Tovuz”un qonağı olacaq. Doqquz xalla altıncı sırada yer alan “ağ-qaralar” iki oyundur qələbə qazana bilmir. Paytaxt təmsilçisi səfər matçında qalib gəlməklə turnir cədvəlində irəliləyə bilər. Lakin bu, elə də asan olmayacaq. Ardıcıl üç oyundur uduzmayan Tovuz təmsilçisinin doğma azarkeşləri önündə təslim olacağı inandırıcı görünmür. Görüşün dolu tribunalar qarşısında keçiriləcəyini nəzərə alsaq, avrokuboklar uğrunda mübarizə aparan iki komandanın dueli maraqlı mübarizə vəd edir.

Turun ən maraqla gözlənilən oyunlarından biri paytaxtda baş tutacaq. Hazırda 13 xalla ikinci yerin sahibi olan “Səbail” “ASCO Arena”da səkkizinci sıradakı “Sabah”ı sınağa çəkəcək. “Dənizçilər”i mövsümün sürpriz komandası da adlandırmaq olar. Son üç turda “Qarabağ”, “Kəpəz” və “Araz-Naxçıvan”ı məğlub edən Şahin Diniyevin baş məşqçi olduğu kollektiv

səddini də itkisiz adlamaq niyyətindədir. Murad Musayevin komandası isə uğursuz seriyaya məhz “Səbail”lə qarşılaşmada son qoymağa çalışacaq. Bu mövsüm cəmi bir qələbə qazanan “Sabah” iki dəfə heç-heçə edib, dörd oyunda isə məğlubiyyətlə üzləşib. Mövsümə çempionluq şüarı ilə başlayan bakılılar hələlik bu iddiasından uzaq görünür.

Tura aprelin 1-də keçiriləcək iki oyunla yekun vurulacaq. Aşağı sıralarda qərarlaşan “Kəpəz” və “Qəbələ” klubları münasibətlərinə Gəncə şəhər stadionunda aydınlıq gətirəcəklər. Autsayderlərin duelində “qırmızı-qaralar” favorit hesab olunsalar da, qərb təmsilçisi bu mövsüm “Qarabağ”, “Neftçi” və “Sabah” kimi iddialı komandalardan xal ala bilib. Hər iki kollektiv uğursuz gedişata məhz öz aralarındakı görüşdə son qoymağı planlaşdırır.

Səkkizinci turun bağlanış oyununda lider “Zirə” “Dalğa Arena”da “Araz-Naxçıvan”ın qonağı olacaq. Mövsümə əla start verən “qartallar” uğurlu seriyanı bu matçda da davam etdirməyə çalışacaq. Lakin Naxçıvan təmsilçisi də yüksək yerlər uğrunda mübarizə apardığından paytaxt klubundan xal və ya xallar almaq niyyətindədir. Mümkün qələbə Azər Bağırovun komandasını zirvəyə daha da yaxınlaşdıra bilər. Bu baxımdan “Zirə” xal fərqini artırmaq, “Araz-Naxçıvan” isə liderlər qrupundan uzaq düşməmək üçün mübarizə aparacaq.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ