Baş Narkotiklərlə Mübarizə İdarəsi 91 baş narkotik vasitəni müsadirə etdi
Tarix: 31-08-2021, 05:29
Google+ Paylaş
Tumblr Paylaş

Baş Narkotiklərlə Mübarizə İdarəsi 91 baş narkotik vasitəni müsadirə etdi

31-08-2021, 05:29

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətiriləcək realizə olunması və sosial şəbəkələrdə onlayn yolla satışı ilə məşğul olan şəxslərin ifşası istiqamətində silsilə əməliyyatlar davam etdirilir.

DİN-in mətbuat xidmətindən

bildiriblər ki, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Yardımlı rayonunun Mirimli kəndində həyata keçirdikləri növbəti tədbir zamanı həmin kənd sakini Ağagül Qarayev narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsini təşkil etməkdə şübhəli bilindiyi üçün saxlanılıb. Onun Mirimli kəndində yerləşən evinin həyətindəki yardımçı tikiliyə baxış zamanı 52 kiloqram 49 qram heroin, 328 qram marixuana, 2 kiloqram 585 qram psixotrop maddə metamfetamin və satışı qadağan olunan psixotrop tərkibli 300 metadon həbi aşkarlanıb.

Araşdırma zamanı müəyyənləşdirilib ki, Ağagül Qarayev xarici ölkələrdən birində yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərməyə çalışan narkotacirlərlə sıx əlaqələr yaradıb. Daha sonra o, narkotik vasitələri Yardımlı rayonunun ərazisində qəbul edib. Ağagül Qarayevin əsas məqsədi əldə etdiyi yüksək təsiredici xassəyə malik külli miqdarda narkotik vasitəni hissə-hissə Bakıda müxtəlif şəxslərə çatdıraraq qanunsuz dövriyyəsini təşkil etmək olub. Saxlanılan şəxs ifadəsində törətdiyi əməli etiraf edərək narkotik maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsini və paylanılmasını təşkil etdiyini bildirib.

Baş İdarə əməkdaşlarının Abşeron rayonunda həyata keçirdikləri digər əməliyyat zamanı sosial şəbəkələrdə narkotik vasitələrin onlayn yolla satışını təşkil edən Mehran Musayev və tanışı Əli Mirzəyev saxlanılıb. Onların üzərində şəxsi axtarış aparılan zaman ümumilikdə 132 qram heroin aşkarlanıb. Həmçinin Mehran Musayevin idarə etdiyi avtomobilə baxış zamanı əlavə olaraq 10 kiloqram 490 qram heroin, 3 kiloqram 360 qram marixuana, 200 qram tiryək, 1 kiloqram 440 qram metamfetamin və 200 metadon həbi aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı olaraq, Mehran Musayev və Əli Mirzəyev ilə birgə narkotik vasitələrin onlayn yolla satışını həyata keçirən dəstənin digər üzvləri Beyləqan rayonunda saxlanılıblar. Əməliyyat zamanı Rövşən Quliyev və onunla birlikdə Vüsal Əhmədov, eləcə də Böyükağa Ağayev tutulublar. Saxlanılan zaman onların üzərindən 45 qram heroin aşkar edilib. Bu şəxslər ifadələrində xaric ölkələrdən birində yaşayan narkotacirin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə göndərdiyi külli miqdarda narkotik vasitələri satmaq məqsədilə Beyləqan rayonunun Qaradağlı kəndində qəbul etdiklərini bildiriblər. Tədbirin davamı olaraq Rövşən Quliyevin Beyləqan rayonunda yaşayan qohumunun evində gizlətdiyi əlavə 16 kiloqram 325 qram heroin, 2 kiloqram 515 qram marixuana və 1 kiloqram 280 qram psixotrop maddə olan metamfetamin aşkar edilib.

Aparılan araşdırmalar zamanı müəyyənləşdirilib ki, Mehran Musayev, Əli Mirzəyev, Rövşən Quliyev, Vüsal Əhmədov və Böyükağa Ağayevdən ibarət dəstə üzvləri xaricdə yaşayan narkotacirlər tərəfindən narkokuryerliyə cəlb ediliblər. Onlar onlayn yolla satdıqları narkotik maddələrdən əldə etdikləri külli miqdarda pul vəsaitlərini müxtəlif maliyyə əməliyyatlarının köməyi ilə həmin şəxslərin hesablarına köçürüblər.

Baş İdarənin və Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının paytaxtın Yasamal, Səbail və Biləsuvar rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha üç nəfər saxlanılıb. Əməliyyatlar zamanı Cəlilabad sakini Şamil Nuriyeva Yasamal, Məhərrəm Fariqov Səbail, Seyran Musayev isə Biləsuvar rayonunda tutulub. Onlardan ümumilikdə 1 kiloqram artıq heroin, metamfetamin və elektron tərəzilər aşkarlanıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları ümumilikdə 91 kiloqramdan çox “kola” və “kakos” adlandırılan heroin və “patı”, “şüşə” kimi tanınan metamfetamin, eləcə də 500 ədəd metadon həbini qanunsuz dövriyyədən çıxarıblar. Saxlanılan şəxslər məhkəmələr tərəfindən tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib.

DİN bir daha vətəndaşlara müraciət edərək bildirir ki, sosial şəbəkələrdə xarici ölkələrdəki narkotacirlər tərəfindən idarə olunan səhifələrdən onlara asan yolla varlanmaq üçün narkotik vasitələrin satışını təklif edən şəxslərin yalan vədlərinə inanmasınlar. Həmin şəxslərin narkokuryerlik təklifinə indiyədək müsbət cavan verən şəxslərdən isə könüllü olaraq bu yoldan imtina etməyi tövsiyə edirik. Əks halda narkokuryerliklə məşğul olan, narkotik vasitələrin onlayn satışını həyata keçirən, bu maddələrin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsini təşkil edən şəxslərin anket məlumatları DİN-in istifadəsində olan ən son texnologiyalar vasitəsi ilə həyata keçirilən əməliyyat-texniki tədbirlərlə müəyyənləşdiriləcək və onlar qısa zamanda saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediləcəklər.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ