1959-cu il yanvar ayının sonunda Ural Politexnik İnstitutunun 9 tələbəsindən ibarət turist qrupu, son nöqtəsi Ural dağlarının Otorten zirvəsi olan səfərə çıxdı. Yeddi oğlan və iki qızdan ibarət qrupa 23 yaşlı təcrübəli təlimatçı İqor Dyatlov rəhbərlik edirdi. Onun o vaxta qədər artıq 10-a yaxın uğurlu səfəri var idi. Uşaqlar bir ilə yaxın səfərə hazırlaşır, təqaüddən pul yığır, lazımi tədarük edir, ərzaq alırdılar. Ural dağ silsiləsinin yerli sakinlərinin - sirli və qürurlu mansi xalqının diyarına səyahət çox maraqlı olmalı idi. Axı mansilər - bütpərəstlər, ovçulardır, ruhlara sitayiş edirlər, buna baxmayaraq, onların öz dili və yazısı var.
Forpost.az
Müharibədən sonrakı dövrdə belə səfərlər çox populyar idi. Əksəriyyəti nüfuzlu ali məktəblərin tələbələri, elm və mədəniyyət müəssisələrinin əməkdaşları olan turistlər gündəlik həyatdan uzaqlaşaraq, gözəl təbiətlə təkbətək bir-biri ilə məmnuniyyətlə ünsiyyət qurur, müxtəlif mövzularda söhbət edir, mahnı oxuyur, şeir deyirdilər. Bu, o dövrün romantizmi, dinc həyatın sevinci, kollektiv istirahət idi.
Əlbəttə, belə təhlükəli və riskli səfərlər zamanı turistlərin həlak olması qeyri–adi hal deyil. Axı dağların zirvələrində, xüsusilə qışda hava çox soyuq, külək güclüdür və turistlər soyuqdan, uçqun, daşqından və bir çox digər amillərdən həlak ola bilərlər. Lakin dağın ətəyində qoyduğu çadırı qəribə şəraitdə gecə tərk edən Dyatlov qrupunun həlak olmasının rəsmi səbəbinin donma, təbii fəlakətə qarşı çıxmağın mümkünsüzlüyü hesab edilməsinə baxmayaraq, bu günə qədər digər, bəzən ən inanılmaz versiyaların mümkünlüyü barədə mübahisələr səngimir.
Onların cəsədləri mart ayında dağlıq ərazinin müxtəlif yerlərində və may ayında olduqca isti vaxtda axtarışı aparanlar tərəfindən aşkar edilmişdi. Məhkəmə tibbi ekspertləri turistlərin parçalanmış cəsədlərində həyatla bir araya gəlməyən çoxsaylı zədələrin sayından təəccüblənərək, xəsarətlərin çoxunun onların sağlığında dəyə biləcəyi qənaətinə gəliblər.
2019-cu ildə - Dyatlov qrupunun ölümünün altmışıncı ildönümündə - Sverdlovsk vilayətinin Baş Prokurorluğu tərəfindən təkrar ekspertiza keçirildi, lakin nəticədə yeni heç nə aşkar edilmədi. Rusiya Televiziyasının Birinci kanalında "Na samom dele" verilişinin silsilə buraxılışı bu mövzunun müzakirəsinə həsr olundu, populyar teleaparıcı Andrey Malaxov bu məsələni verilişlərində dəfələrlə qaldırdı.
Dyatlov qrupunun ölümünün sirri hələ də açılmayıb. Ötən, 2020-ci ildə TNT televiziya kanalının efirində və "Premyera" kanalında "Dyatlov aşırımı" adlı 9 seriyalı bədii mini-serial yayımlanıb. Filmin yaradıcıları, bu hadisəyə biganə qalmayan gənc kinematoqrafçılar turist qrupu üzvlərinin gündəliklərini (onların hər biri gündəlik aparırdı, onlar çox şəkil çəkdirirdilər), məhkəmə ekspertizası sənədlərini, digər materialları ətraflı öyrəniblər. Nəticədə, uşaqların son səfərindən və həlak olmalarından bəhs edən özünəməxsus, çox səmimi kinopovest yarandı.