Şabran badam yığanları badam bağlarında
Tarix: 3-09-2021, 06:09
Google+ Paylaş
Tumblr Paylaş

Şabran badam yığanları badam bağlarında

3-09-2021, 06:09

Sentyabrın ilk günündən Şabranın badam bağlarından məhsul yığımına başlanılıb.

Rayonda 111 hektar badam bağı var, bunun da 42 hektarı barverəndir.

Rayonun Ağalıq kəndində fərdi sahibkara məxsus 23 hektar badam bağında iki növ badam yetişdirilir. Ötən il bu bağdan 30 tona yaxın məhsul əldə olunub. Badam ağaclarının böyüməsi, həm də keyfiyyətli aqrotexniki qulluq nəticəsində bu il məhsuldarlığın artacağı gözlənilir.

Təsərrüfatçı Ariz Ağamalıyev bildirib ki, ötən il hər ağacdan 3-5 kiloqram badam toplanırdısa, bu il ağacların məhsuldarlığı 8-10 kiloqramadək artıb.

“İki gündür məhsul yığımına başlamışıq. Məhsul tam yetişəndən sonra daha çox işçi qüvvəsi cəlb edib kütləvi yığıma başlayacağıq. Hazırda “Guara” sortunun məhsulu toplanır. Badam ağacları tam məhsula düşəndən sonra hər hektardan 6-10 ton məhsul əldə olunacaq. Bizdə iki növ badam becərilir. 10 hektarda amerikan mənşəli “Guara” adlanan badam növünə aid tinglər əkmişik. 13 hektar yeni salınan bağda isə Fransadan gətirilən badam növü yetişdirilir. İlk saldığımız bağlardan artıq üçüncü ildir məhsul toplayacağıq. Bu il məhsuldarlıq daha yaxşıdır. Ötən ilə nisbətən iki dəfə çox məhsul yığılacaq”, - deyə A.Ağamalıyev söyləyib.

“Guara” adlanan badam növünə aid tinglər 3 ildən sonra məhsul verir. Sortun özəlliyi ondadır ki, gec çiçəkləyir, şaxtaya və quraqlığa davamlıdır. Ləpə çıxımı da təxminən 40-48 faizdir.

Təsərrüfatçı Təvəkkül Hüseynov qeyd edib ki, bağdan toplanan badam əvvəlcə qurutma məntəqələrində qurudulur. Məhsul sonra yerli bazarda satışa çıxarılır.

Şabran Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Fəxrəddin Osmanov bildirib ki, rayonda, ümumilikdə, 111 hektar badam bağı var. “Bu il badam bağlarından 180 tona yaxın məhsul toplanmasını gözləyirik. Rayonda orta məhsuldarlıq hər hektara 42 sentnerdir. Badam bağlarının 73 hektarı intensiv üsulla becərilir. Həmin bağlara görə fermerlərə dövlət tərəfindən bir hektara 800 manat subsidiya ödənilir. Bu da sahibkarları yeni bağların salınmasına həvəsləndirir. Hazırda rayonda daha 12 hektar sahədə də badam bağının salınmasına hazırlıq görülür”, - deyə F.Osmanov söyləyib.

Son illərdə şimal bölgəsində ən çox badam bağı Siyəzən rayonu ərazisində salınıb. “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin icrası nəticəsində rayonda yeni istifadəyə verilən suvarılan torpaqlarda 200 hektar sahədə badam ağacları əkilib.

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun dəstəyi ilə Şabranda 33, Qusarda 10, Qubada isə 3 hektar badam bağı salınıb.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən xaricdən gətirilən badam sortunun tinglərinin istehsalı üçün də iş aparılır. Bununla gələcəkdə badam tinglərinin idxalının qarşısı yerli istehsal hesabına alınacaq.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ