Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi barədə yerli fermerlərin məlumatlandırılması məqsədilə Aqrar Sığorta Fondunun nümayəndələri Şəki rayonunda fermerlərlə görüşlər keçirib.
Görüşlərdə səslənən məlumatlar kənd təsərrüfatı sahəsində çalışan sakinlərin böyük marağına səbəb olub. Yerli fermerlər ödəniş prosesinin detalları, sığortanın əhatə etdiyi risklər və sığortalanma prosesi ilə bağlı çoxsaylı suallar ünvanlanıb. Fermerlər sığortalanan təsərrüfatlar üçün nəzərdə tutulan tələblər və bu tələblərə əməl edilməsi ilə bağlı detallarla maraqlanıblar. Bildirilib ki, hazırda aqrar sığorta vasitəsilə 14 bitki, südlük inək və camışlar, eləcə də balıqçılıq təsərrüfatları sığortalanır. Dövlət dəstəkli aqrar sığortanın əsas xüsusiyyəti sığorta haqlarının 50 faizinin dövlət tərəfindən ödənilməsidir. Yerli sakinlər, aqrar sığortanın şərtlərindən və sığorta haqlarının məbləğindən, o cümlədən dövlətin 50 faizlik dəstəyindən razı qalıb, onun sərfəli olduğunu bildiriblər.
Diqqətə çatdırılıb ki, təsərrüfatlarını sığortalamaq üçün Aqrar Sığorta Fondunun Cağrı Mərkəzinə (1651) zəng edə, rayonda fəaliyyət göstərən aqrar sığorta sisteminə daxil olan sığorta şirkətlərinə və ya yerli DAİM-lərə müraciət edə bilərlər. Onların müraciətinə dərhal cavab veriləcək və sığorta müqaviləsi bağlanacaq. Görüşlərdə son dövrlər dünyada, regionda və Azərbaycanda baş verən təbii fəlakətlər, onların kənd təsərrüfatına vurduğu zərər xatırlanıb və fermerlərə tövsiyə olunub ki, qarşıdan gələn payızlıq taxıl əkini dövründə təsərrüfatlarını əsas risklərdən sığortalasınlar.