Salyandakı Dövlət Sort-Sınaq Məntəqəsində bu il 13 hektar sahədə 14 növ yüksək reproduksiyalı pambıq növü becərilir. Bunun da 13 növü yerli, 1-i isə Türkiyədən gətirilmiş sortlardır.
Forpost.az
Sort-Sınaq Məntəqəsinin müdiri Balaeyvaz Hüseynov qeyd edib ki, səpin aparılan 13 hektar sahənin 0,5 hektarı sınaqda olan sortlardır: “Hər il olduğu kimi, bu il də səpini vaxtında başa çatdırmışıq. Artıq becərmə işlərinə başlanılıb. Hazırda sahələrdə seyrəltmə və bitkinin alaq otlarından təmizlənməsi işləri aparılır. Həmçinin bitkiyə yemləmə gübrəsi verməklə suvarma işləri də görülür. Ötən il məntəqədəki pambıq sahələrinin hər hektarından, ümumilikdə, 34 sentner xam pambıq götürmüşük. Bu il məhsuldarlığı daha da artırmaq üçün bütün aqrotexniki tədbirlər vaxtında həyata keçirilir”.
Yetişdirilmiş pambıq sortlarının hər birindən nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılır. Yoxlama zamanı daha çox lif keyfiyyəti, toxum çıxımı və s. göstəricilər aydınlaşdırılır və dövlət reyestrinə salınaraq onun toxumçuluğu təşkil olunur.