Elşad Xanbudaqlı
_________________________
Əsl ziyalı təmsil olunduğu xalqın milli –mənəvi dəyərlərinin təəssübünü çəkəndə,vətəndaşı adını daşıdığı ölkəsinin maraqlarına xidmət göstərəndə, daha hörmətli, daha sevilən və unudulmaz olur.
Bu qəbildən olan insanlar doğrudan da, xalqının iftixar və qürur mənbəyidir.
Tarixi araşdırmalardan məlumdur ki, XIV əsrin ortalarında Əmir Teymur (Teymurləng) işğal etdiyi ölkənin ziyalılarına dəymirdi, alimlərini, yazıçılarını, şairlərini, memarlarını, münəccimlərini, xəttatlarını, yüksək səviyyəli müxtəlif peşə və sənət adamlarını yığıb Səmərqəndə gətizdirər, yeri gələndə, onlarla görüşər, fikir mübadiləsi aparardı…
Əsrlərdən bəri hər bir dövlətin, hər bir dövrün ziyalıya, onların işığına, sözünün çəkisinə və cəmiyyətdə tutduğu doğru-düzgün mövqeyinə böyük ehtiyacı olub,bu tarixi ənənə,indi də davam etməkdədir.
Azərbaycanının milli mentalitetində böyüyə, ağsaqqala, müəllimə, ziyalıya xüsusi münasibət, özəl ehtiram var.
Çünki, Azərbaycan ziyalılığının beşiyi başında Nizami, Füzuli, Mirzə Fətəli Axundzadə, Mir Cəlal kimi dahilər, böyük əqidə və elm adamları durmuşlar.
Nizaminin bütün yaradıcılığı kamil insan axtarışından ibarət olmuşdur.
Məhəmməd Füzuli yalnız poeziyasının yüksəkliyi və ülviyyəti ilə deyil, həm də öz şəxsiyyəti ilə misilsiz bir örnək idi.
Belə misallar–xalqımızın tarixində və taleyində müstəsna xidmətlər göstərmiş, şərəfli izlər qoymuş ziyalıların layiqli fəaliyyəti barədə istənilən qədər faktlar söyləmək olar. Fəqət, ən mühüm məqam odur ki,bu şəxsiyyətlərin əsas məramı alqış,tərif,təltif umacağı maddi mənafe deyildi.
Onlar həyatlarının mənasını insanlara,xalqa xidmətin feyzində tapırdılar.
Millətlərinin, mənsub olduqları cəmiyyətin mənəvi yüksəlişi naminə əzmlə çalışırdılar. Hər biri öz sahəsində qazandığı uğurları milli nailiyyətlər kimi bəşəriyyətə ərməğan edirdi.
Onlar milli ziyalılığın meyarları, kamil örnəkləri idilər və bu gün də biz ziyalı fəaliyyətinin təsnifatını verərkən, məhz şanlı sələflərimizin xidmət örnəyini əsas götürməliyik.
Bu yazımızda həmin sadalanan, - adları hörmət və ehtiramla çəkilən ziyalı, xeyirxah, həmçinin daxili aləmində sadə, səmimi, olduqca təvazökar çalarlar gəzdirən, milli-mənəvi, əxlaqi dəyərlər kimi vacib meyarlara malik insanlardan biri, tanınmış və nüfuzlu xadim, pedaqoq, tətbiqi riyaziyyat, kompüter elmləri, kibertəhlükəsizlik, süni intellekt, yüksək rəqəmsal və informasiya texnologiyaları üzrə elm nəhəngi, dəyərli ziyalımız, Bakı Mühəndislik Universiteti, İnformasiya və kompüter texnologiyaları fakültəsinin dekanı, texnika elmləri doktoru, professor Vaqif Qasımovun işgüzar, geniş spektrə malik çox zəngin, rəngarəngliyi ilə seçilən fəaliyyəti haqqında söz açmaq olduqca maraqlıdır.
Belə ki, 8 iyun 1963-cü ildə Azərbaycan Respublikasının Hacıqabul rayonunun Padar kəndində Əlicavad kişinin halal ailəsində dünyaya göz açan gözəl insan, hörmətli elm adamı professor Vaqif Qasımov, 1978-ci ildə 12 №-li Padar 8 illik məktəbini, 1980-ci ildə isə Qarasu kənd orta məktəbini fərqlənmə ilə bitirdikdən sonra,1981-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin) "İstehsal proseslərinin avtomatlaşdırılması" fakültəsinin "Tətbiqi riyaziyyat" ixtisası üzrə tələbə adını qazanır.
Vaqif müəllim, təhsil illərində xüsusilə fərqləndiyinə görə 1-ci kursda oxuduğu dövrdə institutun "Tətbiqi riyaziyyat" kafedrasında laborant vəzifəsinə işə qəbul edilir.
Üstəlik, hörmətli ziyalımız əlaçı tələbə olduğuna görə həmin dövrdə Ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilən məqsədli təhsil proqramı çərçivəsində təhsilini davam etdirmək üçün 1983-cü ildə İ. M. Qubkin adına Moskva Neft və Qaz Universitetinə göndərilir.
1986-cı ildə həmin universitetin "Avtomatika və hesablama texnikası" fakültəsini "Tətbiqi riyaziyyat" ixtisası üzrə bitirərək mühəndis-riyaziyyatçı və proqramçı ixtisaslarına yiyələnir, informasiya texnologiyaları sahəsində təcrübəli mütəxəssis kimi formalaşmağa nail olur.
Professor Vaqif Qasımov, ali təhsilini müvəffəqiyyətlə başa vurub gələcək milli kadr kimi Azərbaycana qayıdır və təyinat üzrə Azərbaycan Milli Elmlər Akademiyasında elmi fəaliyyətə başlayır.
1986-cı ildə Akademiyanın Fizika İnstitutunun Fiziki-kimyəvi biologiya bölməsində böyük laborant, daha sonra, 1987–90-cı illərdə Nəbatat İnstitutunun Biologiyada riyazi modelləşdirmə sektorunda kiçik elmi işçi vəzifələrində çalışır.
1990-cı ildən başlayaraq professor Vaqif Qasımov, fəaliyyətini Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya və Telekommunikasiya Elmi Mərkəzində (indiki İnformasiya Texnologiyaları İnstitutu) davam etdirir.
O, bu elmi-tədqiat institutunda böyük elmi yaradıcılıq yolu keçərək, I dərəcəli mühəndis, aparıcı mühəndis, qrup rəhbəri vəzifələrində diqqətçəkən uğurlara imza atır.
1993-cü ildən 2000-ci ilədək isə informasiya sistemləri, kompüter şəbəkələri və informasiya təhlükəsizliyi problemləri ilə məşğul olan Vaqif müəllim, elmi-tədqiqat laboratoriyasına rəhbərlik etməyə başlayır.
Proqramçı mühəndis kimi bir çox dövlət və hökumət strukturlarında, banklarda və digər təşkilatlarda kompüter texnologiyalarının tətbiqi, informasiya sistemlərinin, məlumat bazalarının, kompüter şəbəkələrinin yaradılması və tətbiqi ilə nəticələnən praktiki layihələr həyata keçirməklə, Azərbaycanda İnternet şəbəkəsinin ilk qovşağının yaradılması və sonradan genişlənməsi işində çox yaxından iştirak edir.
Həmçinin, həmin dövrdə Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarını, respublikanın aparıcı universitetlərini və digər dövlət təşkilatlarını özündə birləşdirən akademik İnternet mərkəzinin yaradılmasında bilavasitə iştirak edən professor Vaqif Qasımov, bu mərkəzə uğurla rəhbərlik edir.
Bütün bu qeyd edilənlərlə paralel, professor Vaqif Qasımovun respublika və beynəlxalq səviyyədə bir çox elmi layihələrin həyata keçirilməsində yaxından iştirak etməsi, yadda qalan amillərdəndir.
Belə ki,1995–1998-ci illərdə Euromath – Avropa riyaziyyatçılarının qlobal kompüter şəbəkəsinin yaradılması layihəsinin (EmNet-NIS, Danimarka, Kopenhagen) gerçəkləşdirilməsi zamanı dəyərli ziyalı Vaqif Qasımov, Azərbaycan tərəfindən layihə əlaqələndiricisi kimi Moskva, Helsinki, Sankt-Peterburq, Pereslavl-Zalesski, Tbilisi və digər şəhərlərdə konfrans və işçi seminarlarda Azərbaycan Milli Elmlər Akademiyasını təmsil edir və onun rəhbərliyi altında Euromath şəbəkəsinin Azərbaycan hissəsi yaradılmaqla, layihə çərçivəsində server və digər avadanlıqlar alınmış, quraşdırılır, ardınca da Azərbaycan riyaziyyatçıları haqqında məlumat bazası yaradılmasına nail olunur.
1997–2000-ci illər arası, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətini, elmi-tədqiqat institutlarını və mərkəzlərini birləşdirən İnternet şəbəkəsinin yaradılması layihəsi zamanı, Vaqif müəllimin rəhbərliyi, həmçinin bilavasitə iştirakı ilə bir çox elmi-tədqiqat və ali təhsil müəssisələrində, eləcə də dövlət orqanlarında İnternet şəbəkəsinin ilk qovşaqları uğurla qurulur.
Professor Vaqif Qasımov, 1999–2000-ci illərdə "M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasında istifadəçilər üçün İnternet qovşağının qurulması"nda layihənin müəllifi və rəhbəri kimi, layihə üzrə Evraziya fondundan qrant alınmasına nail olur, respublikada ilk dəfə olaraq kitabxana sistemində İnternet şəbəkəsinə qoşulmuş kompüterləşdirilmiş oxucu zalı formalaşdırılaraq geniş oxucu kütləsinin ixtiyarına verilir.
Həmçinin,Vaqif müəllim 1999–2000-ci illərdə "Transqafqaz respublikalarında informasiya işçilərinin yeni texnologiyalara uyğun regional ixtisasartırma kurslarının qurulması" beynəlxalq layihəsi üzrə (Gürcüstan Kitabxanaçılar Assosiasiyası ilə birgə). Azərbaycan tərəfdən layihənin müəllifi və rəhbəri kimi, növbəti dəfə Evraziya fondundan layihənin həyata keçirilməsi üçün qrant alır, M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasının, eləcə də digər aparıcı kitabxanaların onlarla kitabxanaçısının ixtisaslarının artırılması təmin edilir.
2000-ci ildə o, "Akademik şəbəkənin bazasında Azərbaycan Respublikasının ali təhsil sistemində şəbəkə infrastrukturunun genişləndirilməsi" layihənin müəllifi və iştirakçısı kimi layihənin həyata keçirilməsi üçün NATO-nun Elm Komitəsi tərəfindən qrant ayrılmasına nail olur, layihə üzrə respublikanın əksər elmi-tədqiqat institutlarını və universitetlərini özündə birləşdirən Azərbaycan Elmi-Tədqiat və Təhsil Müəssisələri Assosiasiyası (AzRENA –Azerbaijan Research and Educational Networking Association) qurulur.
1999–2000-ci illərdə Azərbaycanda İnternet üçün informasiya-axtarış sisteminin qurulması layihəsinin həyata keçirilməsi zamanı professor Vaqif Qasımovun müstəsna rolu olur və layihə çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının kompüter şəbəkəsi bazasında respublikada İnternet üçün ilk informasiya-axtarış sistemi qurulur, uğurla istifadəyə verilir.
1998-ci ildə "Açıq tipli kompüter şəbəkələrində informasiya təhlükəsizliyi sisteminin effektiv strukturunun qurulması və realizə edilməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edən Vaqif müəllim, texnika elmləri namizədi alimlik dərəcəsi alır və 2005-ci ildə ona dosent elmi adı verilir.
2008-ci ildə isə professor Vaqif Qasımov,"Qlobal informasiya şəbəkələrində paylanmış strukturlu intellektual informasiya-axtarış sistemlərinin layihələndirilməsinin əsasları və tətbiqi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsi alır.
2011-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona "İnformasiya təhlükəsizliyi" ixtisası üzrə professor elmi adı verilən Vaqif Qasımov, elmi-tədqiqat fəaliyyəti ilə yanaşı, həmçinin, pedaqoji fəaliyyətlə də məşğuldur.
O, 1992–1996-cı illərdə Qərb Universitetində baş müəllim, 1998–2007-ci illərdə Azərbaycan Texniki Universitetində, 2007–2008-ci illərdə Bakı Dövlət Universitetində dosent vəzifələrində çalışmış, müasir informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, ali riyaziyyat və s. sahələrdə mühazirələr oxumuşdur.
Onun yetişdirdiyi kadrlar dövlət və hökumət orqanlarında, aparıcı xarici təşkilatların Azərbaycan ofislərində, xaricdə müvəffəqiyyətlə fəaliyyət göstərirlər.
2000-ci ildən 2016-cı ilin sonunadək Milli Təhlükəsizlik Nazirliyinin (indiki Dövlət Təhlükəsizlik Xidməti) Heydər Əliyev adına Akademiyasında xidmət edən Vaqif Qasımov, adı gedən təhsil müəssisəsində tədris şöbəsinin rəisi və fakültənin rəisi vəzifələrində işləmişdir.
2016-cı ildən 2019-cu ilədək Milli Aviasiya Akademiyasında "İnformasiya texnologiyaları" kafedrasının professoru vəzifəsində çalışan Vaqif müəllim, 2019-cu ildən 2024-cü ilədək Azərbaycan Texniki Universitetinin "Kompüter texnologiyaları və kibertəhlükəsizlik" kafedrasının müdiri vəzifəsində işləmişdir.
2024-cü ilin sentyabr ayından Bakı Mühəndislik Universitetinin İnformasiya və kompüter texnologiyaları fakültəsinin dekanı vəzifəsində çalışan professor Vaqif Qasımov, eyni zamanda həmin universitetin "Kibertəhlükəsizlik və kompüter mühəndisliyi" kafedrasının professoru kimi elmi fəaliyyətini davam etdirməkdədir.
Bakı Mühəndislik Universiteti ilə Koreya və Çin universitetləri arasında qurulmuş ikitərəfli əməkdaşlıq çərçivəsində kompüter elmləri, kompüter mühəndisliyi, informasiya texnologiyaları, süni intellekt, data elmləri ixtisasları üzrə ikili diplom proqramlarının həyata keçirilməsində fəal iştirak edir. Onun rəhbərlik etdiyi fakültədə təhsil alan bir çox tələbələr hazırda təhsillərini Çin və Koreya universitetlərində davam etdirirlər.
2009-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının informatika sahəsi üzrə Ekspert şurasının üzvü olmuş ziyalı insan, hazırda Texnika üzrə Ekspert Şurasının sədridir.
Vaqif müəllim bu gün də uğurla informasiya təhlükəsizliyi, kriptoqrafiya, steqanoqrafiya, informasiya axtarışı və təhlili üsulları və alqoritmləri, paylanmış informasiya sistemləri, kompüter şəbəkələri, məlumat və biliklər bazaları, süni intellekt sistemləri, qeyri-səlis riyaziyyat və digər sahələrdə elmi tədqiqatlarını davam etdirir.
Onun rəhbərliyi altında çoxsaylı doktorantlar və magistrantlar elmi tədqiqatlar aparırlar. İndiyədək onlarla doktorant və magistrant müvafiq dissertasiya müdafiə edərək texnika üzrə fəlsəfə doktoru və magistr elmi dərəcələri almışlar.
Professor, ABŞ, Finlandiya, Almaniya, Türkiyə, Hindistan, Macarıstan, Rusiya, Ukrayna, Qazaxıstan, Sloveniya, Litva, Gürcüstan və s. ölkələrdə 40-a yaxın beynəlxalq səviyyəli elmi-praktiki konfranslarda və simpoziumlarda elmi məruzələrlə çıxış etməklə, 230-dan artıq elmi əsərin, o cümlədən 2 ixtiranın, 5 monoqrafiyanın, 16 dərslik və dərs vəsaitinin, 4 albom-kitabın, 5 tədris proqramının, 190-dan artıq elmi məqalənin və tezisin müəllifidir.
Əsərləri respublikanın ali təhsil müəssisələrində dərslik və dərs vəsaitləri kimi istifadə olunur.
Onlarla elmi məqaləsi respublikadan kənarda, o cümlədən ABŞ, Rusiya, Türkiyə, Çin, Hindistan, Almaniya, Hindistan, Ukrayna, Qazaxıstan, Macarıstan, Litva və digər ölkələrdə nüfuzlu elmi jurnallarda dərc olunmuşdur. Onun "İnformasiya təhlkəsizliyi: kompüter cinayətkarlığı və kiberterrorçuluq" adlı monoqrafiyası "İntellekt-2008" mükafatına layiq görülmüşdür.
Vaqif müəllim, vətən və dövlət qarşısında fəaliyyəti dövründə bir sıra təltiflərlə mükafatlandırılmış, xidməti vəzifələrinin icrası zamanı xüsusilə fərqləndiyinə görə 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə, eləcə də Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirinin əmrləri ilə müxtəlif medal və Fəxri Fərmanlarla təltif edilmişdir.
Beləcə,bu dəyərli insanın dövlət və xalq qarşısında əvəzssiz xidmətləri gün kimi aydın, su kimi dupdurudur desək, qeyd etdiklərimz bir daha öz təsdiqini tapmış olacaq.
Çünki, Vaqif müəllimin indiyə kimi işgüzar və akademik, elmi fəaliyyətində gördüyü bütün işlərin uğuru, qazandığı etimadın doğru düzgün nizamlanması, sağlam təfəkkürdən süzülüb gələn məntiqi düşüncənin ekvivalenti olaraq bütün göstərilən arqumentləri özündə ehtiva edəndir.
Bu vacib amil,haqqında danışdığımız əsl insanın ən müsbət keyfiyyətlərinə işıq salmaqla,illərin sınağından keçib gələn təcrübə ilə vəhdəti kimi də başa düşüləndir.
Bu məziyyətlərinə görə də professor Vaqif Qasımov respublikanın ən yuxarı sferalarında öz yeri, öz payı və əvəzssiz rolu olan insanlardan biri kimi hər zaman diqqət mərkəzindədir.
Bu üzdən də o, hazırkı günümüzdə də yorulmadan respublikada ağıllı,rasional, strateji düşüncəyə hesablanmış Azərbaycan elminin tendensiv inkişaf dinamikasının daha düzgün formalaşması istiqamətində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi uğrunda çalışır.
Bu dəyərli insanın, əsl ziyalının həyat yoluna nəzər saldıqda, doğrudan da, onun bu günə kimi keçib gəldiyi yolun zəhmət və halallıqdan yoğrulduğu həqiqəti ilə rastlaşırsan.
İnsan doğulduğu mühitin övladıdır; onun sonrakı həyat mərhələlərindəki bütün fəaliyyəti elə həmin mühitin abu-havasından ruhuna hopmuş hiss və duyğuları ilə formalaşır, məzmun səciyyəsi almağa meyillənir.
Həm də insanın əsl şəxsiyyət kimi yetişməsində zamanın da böyük və əhəmiyyətli rolu olur.
Çünki, insan zamanla şəxsiyyətə çevrilir.
Əlbəttə ki,daxili aləminin daha alt qatındakı keyfiyyətləri zamanla çulğaşaraq onun bütöv insan kimi yetişməsində, sağlam təfəkkür, doğru-düzgün məntiqi düşüncə, dolğun təxəyyül sahibi olmasında böyük rol oynayır və o, həqiqi şəxsiyyət statusu alır.
Bu üzdən parlaq və zəngin erudisiyası,yüksək emosional zəkası ilə seçilən elm xadimi, professor Vaqif Qasımovun daxili aləminin bütün məziyyətləri, mənəvi-əxlaqi keyfiyyətləri, ruhundan qəlbinə bal kimi süzülən hiss-həyəcan və duyğuları, fikirləri, düşüncə tərzi, xarakterik xüsusiyyətlərini təcəssüm etdirən ştrix detalları ən kiçik zərrə şəklində hazırkı günümüzə kimi onun işgüzar fəaliyyətində, qazandığı uğurlarında, atdığı xeyirxah addımlarında doğru-düzgün öz əksini tapmışdır.
Həmin cizgilərdə toplanaraq şəkillənən bu diqqətəlayiq keyfiyyətlər onun həqiqi simasını, hansı kriteriyalara sahib olduğunu, doğrudan da, əminliklə açmış, onu içində yaşadığı cəmiyyətə və vətəndaşı olduğu dövlətə gerçək təqdim etmişdir.
İnsan doğrudan da, əməlləri ilə tanınır, sevilir, hörmət, nüfuz sahibi olur, xalqının gözündə ucalır, əziz tutulur; vətəndaşı olduğu ölkənin inkişafı üçün bütün səy və bacarıqlarını əsirgəmir, gördüyü işlərlə daim diqqət mərkəzində olur, dövlətin etimadını qazanır, ona tapşırılan işlərin öhdəsindən bacarıqla gəlir,sınağından əsl şəxsiyyət kimi çıxır, vətən qarşısındakı sədaqət və dönməzliyi daim qiymətləndirilir.
Beləcə, illərdir bu səmimi, doğru-dürüst insan həyatını Azərbaycanın milli və dövlətçilik maraqlarına,düzgün idarəçiliyinin formalaşmasına həsr etməkdədir.
Tutduğu mövqe, çıxdığı yol da özü kimi düz, səlis, aydın, ürəkaçan, ölkədə hüquqi və demokratik dövlət quruculuğunun artan xətt üzrə müsbət, dinamik tendensiya ilə inkişafına xidmət etməyə hesablanmışdır.
Bütün bunların ucalığında isə dəyərli insan, əsl ziyalı, layiqli vətəndaş, hörmətli alim Vaqif Qasımov vətənə, xalqa, dövlətə olan sevgisi və sadiqliyi, monolit mövqeyi tutması dayanır.
Çünki, bu insanın əsl vətəndaşlıq mövqeyi milli və dövlətçilik maraqlarımızın daim qorunması istiqamətində atdığı addımlar və gördüyü işlərlə həqiqi sadiqlik, inanılmaz sevgisi ilə vəhdətdə bütövləşir, tamlaşır, öz məzmun səciyyəsini, xarakterik xüsusiyyətlərini onun simasında, ruhunda və qəlbində bir daha ehtiva edir.
Doğrudan da, bir insanın keçdiyi həyat yoluna işıq salanda onun nə qədər zəngin və rəngarəng olduğu,həmin şəxsin bir millət üçün nə qədər fədailik etdiyini özündə təcəssüm etdirir.
İnanırıq bu sadə, səmimi, təvazökar insan hələ əsrimizin qalan illərini də, bax beləcə, vüqarla, cəsur, cəsarətli, böyük ürək, şövqlə, öz ziyası ilə vətəninə, xalqına, dövlətinə dönməz və sonsuz sevgisi, əvəssiz xidmətlər göstərərək yaşayacaq, addımlayacaq, bu məsuliyyətli, müqəddəs yolda yoruldum deməyəcək.
Yolun daim açıq olsun, dəyərli ziyalı, işıqlı insan!
Geosiyasi Aktorların Nadir Minerallar Uğrunda Açığ Geoloji Savaşı
Korrupsiyalaşmış Hakimiyyətin "Dark Horse"dəki Qaranlıq Üzü
Süni İntellekt,-İnsan Nəzarətindən Kənarda yaxud Alqoritmlər İnsan Zəkasına Qarşı
Süni İntellekt Çatbotları,-Rəqəmsal Diplomatlar Kimi
Post-Müstəmləkəçiliyin Qərbi Sahara Məsələsi yaxud Təhlükəsizlik və Maraqlar Axtarışında Mərakeşin Diplomatik Realizmi