“Azərbaycan kapriççiosu”:Fikrət Əmirovun dünya musiqi xəzinəsinə bəxş etdiyi  ən mükəmməl incisi
Tarix: 18-09-2023, 07:52
Baxılıb: 134
Google+ Paylaş
Tumblr Paylaş

“Azərbaycan kapriççiosu”:Fikrət Əmirovun dünya musiqi xəzinəsinə bəxş etdiyi ən mükəmməl incisi

18-09-2023, 07:52

Fikrət Əmirov yaradıcılığının mirvarisi - Azərbaycan Kapriççiosu

Vətən eşqi sonsuz və intəhasızdır. Hər bir vətəndaş bu eşqi öz təbirincə izhar edir. İnsanlara vətən sevgisini aşılamaqda sənətkarların rolu daha böyükdür. Kimi sözü, kimi musiqisi, kimi təsviri sənət nümunələri ilə bu sevgini ifadə edir. Böyük bəstəkar Fikrət Əmirovun yaradıcılığında da vətənpərvərlik mövzusu mühüm yer tutur. “Mənim yaradıcılıq xəmirim xalq musiqisi ilə yoğurulub”, – deyən bəstəkar öz əsərlərində də məhz bu fikrə əsaslanan sənət inciləri yaradıb. Müxtəlif janrlı əsərlərində xalq musiqisi intonasiyalarından rişələnən melodiyalar onun hiss və duyğularını yüksək peşəkarlıqla sənətsevərlərə çatdırır. Bu peşəkarlığın kökündə, təbii ki, Fikrət Əmirovun böyük istedadı, gərgin zəhməti və sonsuz vətən eşqi dayanır.

Fikrət Əmirovun “Azərbaycan süitası”, “Azərbaycan kapriççiosu” və “Azərbaycan qravürləri” əsərlərində qədim diyarımızın tarixi, dünəni, bu günü, füsunkar təbiəti, insanların mərd, mübariz olması və bu kimi düşüncələr yüksək vətənpərvərlik mövqeyi ilə notlara düzülüb və xoş melodiyalarla da qulaqlara süzülür. Bu əsərlər öz melodik gözəlliyi və yüksək professionallığı ilə dünya musiqiçilərinin də diqqətini cəlb edib. “Azərbaycan süitası”, “Azərbaycan kapriççosu” və “Azərbaycan qüravürləri” ilə bağlı düşüncələrimizi də bu əsərlər haqqında deyilən fikirlərdən nümunələrlə diqqətə çatdırmaq istərdik.



“Fikrət Əmirov “Azərbaycan kapriççiosu”nda folklor materialı üzərində lakin onu təkrarlamadan, incə motivlər yaratmışdır. Atonallığın təsirinə düşmədən, artıq, mənasız akkordlardan uzaq qaçaraq, o, ustalıqla orkestrləşmədə Bartok üslubunda gözəl və heyrətamiz əsər bəstələyə bilmişdir” (Ferdi Ştatser, alman musiqişünası).

“Möcüzəli Azərbaycan melosu ilə zəngin olan Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” parlaq, rəngarəng bir kompozisiyadır. Bu əsər bəstəkara xas olan parlaqlıqla yazılaraq, rus simfonizmi ənənələrinin davamı olub, ruhən P.İ.Çaykovskinin “İtalyan kapriççiosu”na yaxındır” (Abram Staseviç, dirijor, Rusiyanın Əməkdar incəsənət xadimi).

“Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” çox bayramsayağı bir əsər olub, xalq şənliyini ifadə edərək, nikbinliyi və musiqi dilinin təravətliliyi ilə diqqəti çəkir” (Natali Raxlin, dirijor, SSRİ Xalq artisti).

“Azərbaycan kapriççiosu” (1961) parlaq, milli ruhda bir əsər olub, özünəməxsus təzadlı lövhələrdən qurulmuşdur. Çox melodik, rəngarəng, temperamentli musiqisi ilə seçilən bu əsər yüksək dərəcədə zövqlü orkestr palitrası ilə fərqlənir.

“Azərbaycan kapriççiosu” Fikrət Əmirovun “Nizami” simfoniyası, “Şur” və “Kürd ovşarı” simfonik muğamlarından sonra yaranaraq, onun daha da təkmilləşmiş üslubunu, cilalanmış dəst-xəttini əks etdirir. Bəstəkar bu əsərində ümumşərq musiqisinə xas olan xalq improvizasiyalılığını canlandıra bilmişdir. “Azərbaycan kapriççiosu” bir neçə başlıca məziyyətlərinə görə fərqlənir: melodizm, lad əsası, ritmika və tembr.



“Şərq barokko üslubu” – “Azərbaycan kapriççiosu”nun üslubunu belə səciyyələndirmək olar. Bu təmtəraqlı, təntənəli musiqi təzadlı lövhələrdən ibarətdir. Burada təmtəraqla yanaşı, incə lirika, kapriççio janrına xas olan mövzuların müxtəlif görünüşlər almasına rast gəlinir. Bəstəkarın zəngin təxəyyülü xalq musiqisinə yaxın mövzuların bir-birini əvəzləməsində, bu mövzuların bir-biri ilə əlaqələndirilməsində özünü büruzə verir,

Onu da qeyd etməliyik ki, kapriççionun tematizmi bəstəkarın “Səhər” və “Böyük dayaq” filmlərinə yazdığı musiqinin bir sıra fraqmentləri ilə assosiasiya yaradır.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ